ŞİMAL GÖZƏLİ WHİTBY
Whitby İngiltərənin şimal şərqində - North Yorkshire (Nort Yorkşir) qraflığında yerləşir. Etiraf edim ki, Britaniyaya gələnə qədər bu şəhər haqqında heç bir məlumatım yox idi. York`dakı dostlarımızdan aldığımız informasiyanın əsasında elə səhərisi gün düzəldik yola. Məqsədimiz York`dan cəmi 60 km aralı olmasına baxmayaraq avtobus bu məsafəni iki saatdan bir qədər artıq vaxta gedir. Amma onu da deyim ki, bu yolun ləzzəti elə avtobusun ikinci mərtəbəsində əyləşib ətrafdakı balaca şəhərlərin gözəlliyindən zövq almaqdır. Hə, onu da deyim ki, bu yolu avtobusla gedməsəydim İngiltərədə bu qədər qoyunun olmasına heç vaxt inanmazdım. Təbii ki, söhbət dörd ayaqlı qoyunlardan gedir. Yalan olmasın, bəlkə də yol boyu minlərlə otlayan heyvan gördük... Hə, fikrimizi qoyunlardan ayıraq və yönləndək səfərimizin məqsədi olan Whitby`yə. Şəhər haqqında yeganə olan statistik məlumatım əhalisinin on dörd min nəfər olması idi. Amma elə avtobusdan enən kimi, şəhər küçələrində gəzən insanların sayının bundan ən azı üç dəfə artıq olduğunu görürsən, yaşayış binalarının sayı isəWhitby`nin 200-300 minlik şəhər olması təəssüratı yaradır.
Şəhərin tarixi 656-cı ildən burada abbatlıq tikilən vaxtdan başlayır. Yavaş yavaş onun ətrafında yaşayış yerləri tikilməyə başlayır və ərazi mühüm ticarət mərkəzinə çevrilir. Whitby`nin əsas görməli abidəsi sayılan bu abbatlıq bir müddət keçəndən sonra dağıdılır, iki əsrdən sonra isə yenidən bərpa edilir.
Abbatlığın yanında şəhərin ikinci dini abidəsi sayılan Müqəddəs Mariya kilsəsi yerləşir. Kilsə və abbatlığa aparan yol 199 pilləkəndən ibarətdir.
Abbatlıqdan enib şəhərin digər sahilinə gedərkən kimin heykəlini görsək yaxşıdır? Şimal dənizi tərəfə baxan James Cook (Ceyms Kuk). Sən demə hələ coğrafiya dərsindən tanıdığımız Ceyms müəllim Whitby`də dənizçilik dərsləri alırmış. Tanınmış səyyahın şəhərdə muzeyi də fəliyyət göstərir.
Kapitan Kuk`un heykəlinə tərəf gedərkən kit sümüklərindən düzəldilmiş ala qapını görməməmk mümkün deyil. Bu abidə Whitby`yə Alaskada qubernatorluğunun hədiyyəsidir.
Bu şəhərə gələnlərin vacib və mən hətta deyərdim müstəhəb əməllərindən biri də ingillislərin sevimli yeməyi olan fish&chips`in dadına baxmaqdır. Biz də ənənədən geri qalmayıb İngiltərədə tanınmış olan The Magpie Cafe`yə getdik. Cafe dəniz kənarına gedən mərkəzi yolda yerləşir.
Onu da deyim ki, şəhər dəniz sahilində olduğundan qağayılarla insanlar doğmalaşıblar. Və hansının sayının daha çox olduğu hələ böyük bir sual altındadır. Elə bu səbəbdən də küçələrdə quşları yemləməməklə bağlı xüsusi xəbərdarlıqlarlar yerləşdirilib. Aclıq hissinin bizi üstələdiyindən elanlara fikir verməyib rahatca özümüzə yer edirdik ki, birdən qağayı hücumuna məruz qaldıq. Lakin sayıqlığı əldən verməyərək fish&chips ləzzətini tuta bilib geriyə öz evimizə döndük.
Post a Comment