TARİXİ DƏYİRMAN VƏ YA DƏYİRMAN TARİXİ
Günlərin bir günü Britaniyada yaşayan Merilyn nənəmdən e`mail alırıq ki, bu günlərdə York şəhərinin yaxınlığında Holgate (Holqeyt) adlanan ərazidə yerləşən bir külək dəyirmanının bərpadan sonrakı açılışı olacaq. Bu dəyirman Yorkşirin yeganə salamat qalmış külək dəyirmanıdır. Bəh, bəh... Belə bir tədbirdən kim qaçar? Həmən an mənim azərbaycanlı ağlıma gələn ilk fikirlər.... Bilmək olmaz kimlər olacaq tədbirdə. Tereza xanım da gəlməsə, ən azından rayonun başçısı mütləq orada olar. Kimsə lenti kəsməlidir ya yox? Tədbirsevər azərbaycan xalqının orta statistik nümayəndəsi kimi tez kostyumumu tapdım, xüsusi olaraq belə günlər üçün aldığım qalstuku çıxartdım və səbirsizliklə günləri saymağa başladım...
Indi keçək əsas məsələyə. Açılışına gəldiyimiz un dəyirmanın tarixi gedib çıxır düz XIX - cu əsrə. Heç bəzi ölkələrin tarixi bu qədər təşkil etmir. Elə bu ərazidəcə yaşayan insanların hesabına bərpa olunan dəyirmanda heç bir ciddi dəyişiklik edilməyib. Dəyirmanın iki yüz il əvvəlki görünüşü saxlanılıb. Yığılan vəsaitin xərclənməsi tam şəffaf şəraitdə keçirilmişdir, hamı bilir kim nə qədər pul verib və həmin pul konkret olaraq hansı işə xərclənib. Ümumi yığılan məbləği deyə bilməsəm də, onu oyrəndim ki, məsələn, ən çox maddi köməklik edən 25 min GBP veribmiş (1 GBP = 2,25 AZN). Rəqəmi ona görə yazıram ki, ümumi layihənin həcminin nə qədər böyük olduğunu təxmin edə biləsiniz.
Bərba olunan obyekt indi həm turist cəlb edir, həm də pul gətirir. Bir nəfər üçün giriş 3 GBP`dir. Bu qiymətə dəyirmanın daxilinə izahlı ekskursiya təşkil edilir, dəyirmanın yaranması, keçdiyi dövr və bərpa işləri haqda geniş məlumat verilir.
Eyni zamanda dəyirman birbaşa öz funksiyasını həyata keçirir – buğda üyüdür. Elə buradaca unun satışı da təşkil olunub. Bəri başdan deyim ki, unun qiyməti ekskursiya qiymətinə daxil deyil.
Burada diqqətimi cəlb edən bilirsiniz bir də nə oldu? Bu dəyirmanın iki yüz ildən bəri mövcud olan şəkilləri. Bir dəyirmanın nə qədər şəkli olarmış. Və bu şəkillərin hamısı qorunub saxlanılıb, hər birinin də tarixi üstündə. Babalarının doğum günlərinin pasportlarında səhv göstərilən xalqın nümayəndəsi kimi bu fakt mənə çox təsir etdi. Adi bir dəyirmanın tarixcəsi yarandığı andan bu günə qədər sənədlərdə mövcuddur. Dəyirmanın ilk yiyəsinin adı və kimliyindən tutmuş sonuncu sahibinə qədər.
Hal hazırda isə dəyirman 2001-ci ildə yaradılmış Külək dəyirmanlarının mühafizəsi cəmiyyətinə məxsusdur. Və məhs bu cəmiyyətin könüllüləri hesabına Holgate dəyirmanı XXI-ci əsrdə yeni nəfəs aldı.
Yolunuz Britaniyanın bu hissəsinə düşsə mütləq Holgate dəyirmanına vaxt ayırın. Olduqca maraqlı və qeyri adi bir təəssüratlarla buradan ayrılacaqsınız.
Post a Comment