Uzaq səhralarda




I-ci hissə

MİSİR EHRAMLARI


Misir səfəri ilə arxeoloq olmaq arzusundan hələ də vaz keçməyən, Qiza ehramları ətrafında qazıntı aparmaq istəyən qızım Humaya borcluyuq. Beləliklə, hər şeyi götür qoy edib səfər marşrutunu cızdım: Qahirə-İskəndəriyyə-Luksor-Asuan-Abu Simbel.
Misir ilk növbədə Abu-Roama`dan Dakşur`a qədər ucalan tarixin lal şahidləri - ehramlardır. Onlardan ən qədimi və ən böyüyü təxminən 5000 il əvvəl firon Coser tərəfindən Sakkara`da ucaldılan pilləkənli ehramdır.
Cosser ehramına qalxmaq qorxulu və çətin olduğundan qadağa olunub, lakin qid ilə ehramın zirzəmilərini gəzmək olar. Sözün düzü, Cosser ehramı mənə o qədər də təsir bağışlamadı. Bu ehramın memarı İmhotep ilk dəfə olaraq kərpic əvəzinə iri daş bloklardan istifadə edib.  Bir çox dünya muzeylərində heykəllərinə rast gəlinən bu dahi memarın dəfn olunduğu yer deyilənlərə görə burularda olsa da, hələ də dəqiq məlum deyil. Dünyanın ən tanınmış ehramları, yeddi möcüzədən yeganə bu günlərə çatmış olan Qiza ehramları Qahirənin lap yaxınlığında yerləşirlər. Ətrafda yaxşı mehmanxana seçimi olmadığından çox ucuzlu, amma pəncərəsi Sfinks`ə açılan və çox qonaqpərvər bir sahibi olan Quest House`da yerləşdik. Bu ehramlar sanki əskər kimi, firon Heops, Hefren və Mikerinosun qəbirləri, cərgə ilə düzülüblər. Bir xəttə dayanan bu fantastik və həndəsi cəhətdən dəqiq və ciddi tikililər miqyas və mütənasiblik haqqında məktəbdən öyrəndiyim biliklərimi alt üst etdi. Məsafədən baxanda ehramların qıraqları düz xətt təsiri bağışlayır, yaxınlaşdıqca isə bunun belə olmadığını görürsən.

 Həqiqətdə isə ehramlar metrəlik hündürlüyə malik çıxıntılarla yuxarı yüksəlirlər. Formaların bəsit sadəliyi nəhəng ölçülərlə birlikdə əbədilik hissi yaradır və düşünürsən ki, 4500 il yaşı olan bu ehramlar hələ bir iki bu qədər ildən də sonra bu vəziyyətdə bu səhrada yüksələcəklər. Misirlilərin bir deyimi də var – İnsan zamandan qorxur, zaman isə ehramlardan.
Ehramlara baxaraq biz insanların nə qədər cılız və aciz olduğunu düşünürsən. Bu qədər illərin ötməyinə baxmayaraq biz hələ də bu ehramların yanında dayanıb fikirləşirik ki, görəsən bu adamlar hər biri 2,5 tonn olan daş blokları 150 metr hündürlüyə necə qaldırırmışlar?  Qədim məlumatlara görə 20 ilə tikilən Xeops ehramında 2,3 mln daş blokdan istifadə olunub. Adi riyazi hesablama saatda 26 blokun qurulmasını göstərir. Di gəl bundan sonra bu möcüzələrdə yadplanentlilərin rolunu inkar et))
Heops ehramının daxilindəki tunellər silinməz təəsüratlar yaradır. Bu tunnellərlə əvvəl üzü yuxarı dırmaşdıq, sonra isə bir yüz metrə yaxın yolu demək olar ki, süründük. Yol da bitmir, hər addımla da nəfəs almaq çətinləşir, dönüb arxanca sürünən insanları görəndə isə anlayırsan ki, geriyə yol yoxdur – yalnız irəli ehramın zirvəsinə qədər. Və nahayət gəlib çatırıq bir otağa, hansında ki, qəbirə oxşayan daşdan olan böyük bir qutu yerləşir. Belə otaqların sayı ondan artıqdır, lakin heç birində həqiqi qəbir yoxdur.  Ehramın içərisində yeraltı keçidlər, labirintlər, qumla dolmuş boşluqlar hətta Sfinksə aparan yeraltı yol mövcuddur. Daha sonralar alimlər bu yolun nə üçün tikildiyi versiyasını irəli sürüblər. Güya ki, Heops ehramının içinə qarətçilər daxil olsaydılar, Sfinks`in dabanının altından töküləcək su həmin bu yeraltı yolla axıb oğruları yuyub aparacaymış. Nə bilim, bu misirlilərdən nə desən çıxan. Ehramlarda mövcud olan çoxsaylı boşluqların binanı zəlzələdən qoruması da bildirilir.  Amma bir çox sualların cavabı hələ də açıq qalır.
Aslan bədənli,  insan başlı mistik məxluq Sfinks ehramların ətəyində sanki cangüdən  kimi uzanıb. Baxışlarını Şərqə yönəldən Sfinks bütöv bir daşdan kəsilib. Onun hündürlüyü 20, uzunluğu isə 57,3 metrdir. Hefren fironun heykəltaraşlıq portreti olan Sfinksin sifəti müdriklik və hakimiyyət təcəssümüdür. Hefren tərəfindən inşa edilmiş Sfinks`in böyük pəncələrinin yanında vaxtilə məbəd yerləşirdi.
Son illərə qədər tədqiqatçılar Sfinks`i ehramlara bir növ əlavə kimi qəbul edirdilər. Lakin indi bu abidənin ehramlardan yaşca daha böyük olduğu iddia olunur. Zəmanə və insanlar Sfinks`də öz izlərini qoyub. İnşa olunduğu vaxtdan Sfinks dəfələrlə qumun altında qalmış, lakin hər dəfə qazılıb çıxarılıb. Son dəfə bu XX əsrin əvvəllərində baş verib. Misir hökmdarlarından biri bu daş fiqurun burnunu kəsmək əmri verir, XVIII əsrin əvvəlində Sfinks`in sifəti toplardan atəşə tutulur, Napoleonun əskərləri isə onun gözlərini güllə boran edirlər. İngilis lordları fiqurun daşdan olan saqqalını qırıb Britaniya muzeyinə aparırlar. 1988-ci ilin yay gecəsi Sfinks`in boynundan nə az, nə çox – 350 kiloqramlıq bir  hissə qırılıb gurultu ilə yerə düşür. Bu hissənin qopması lazımmış ki, Misir höküməti həyacan təbili çalsın. ABŞ`dan, Almaniya`dan və Fransa`dan gəlmiş mütəxəssislər Sfinks`in başında təhlükəli çatlar aşkar edirlər və bu qənaətə gəlirlər ki, XX-ci əsrdən abidə əvvəlki 4000 ildən daha çox zədə alıb. Abidənin bərpası başlandı, ingilislər apardıqları saqqalı geri qaytardılar, qopmuş hissələrin hamısı yerinə yapışdırıldı.
Misirlilər deyirlər ki, Sfinks danışanda dünya öz adi axarından çıxacaq. Qədim misirliləri deyə bilmərəm, amma indiki Misirdə gəzməyə çıxanda cibinizin həcmi qədər xırda pul götürün. Addım başı pul paylamalı olacaqsınız, elə baxşış, baxşış deyə deyə arxanızca qaçırlar. Arabaçı ilə atın qiymətini danışıb razılaşırsan, gəzintidən sonra pulu ödəyəndə soruşur ki, bəs baxşış?
Onu da deyim ki, Misirdə abidələr çox gözəl işiqlandırırlar. Bu səbəbdən də, bu tarixi yerlərin gecə ziyarəti başqa bir zövq verir insana. Bizim halda isə heç gedməyə də ehtiyac olmadı. Mehmanxanamızın damından çox gözəl mənzərə açılırdı ehramlara, tarixi məlumatlarla müşaiyət olunan xüsusi işıq effektləri isə axşam bu mənzərəyə xüsusi gözəllik verirdi.

Sfinks`in lap yanında yerləşən quyuya turistlər pul atır. Bizim də o vaxtlar analoqu olmayan, indi isə devalvasiyaya uğramış milli dəmir 50 qəpiyimi o quyuya tulladım. İndi bu sətirləri yazanda birdən fikirləşdim, bəlkə bizim manatımızı elə o vaxtdan üzməyə buraxmışam?















Baxış Sayı: Free Counters




Blogger tarafından desteklenmektedir.