BİR QALANIN SİRRİ

Fransanın Languedoc-Roussillon bölgəsinə Barcelona`dan icarəyə götürdüyümüz maşınla getdik.
Elə yenicə Fransa torpağına qədəm basmışdıq ki, əsl fransız qonaqpərvərliyini öz üzərimizdə hiss
etdik. Düz xətti azca bastaladığımıza görə şanlı fransız polisi bizi saxladı, nə qədər yalvardıq,
kimlərin adını vermədik xeyri olmadı. Alın təri ilə qazandığımız 90 Avromuz cibimizə ağırlıq
edirmiş. Nə qədər kruasan ala bilərdik bu pula...
Pireney dağlarının ətəyində yerləşən Od çayı üzərində yüksələn Carcassonne qalasının gözəlliyi
kütləvi kruasan itgisini tez unutdurdu. Axşam bura çatdıq və mehmanxanada çantalarımızı tullayıb
yüyürdük qalaya. Qala divarları arxasında qədim şəhər yerləşir. Saysız hesabsız restoran və
kafelərin qarşısında dayanan işçilər turistləri cəlb edirlər və hər biri də səni inandırmağa çalışır ki,
əsil “cassoulet” məhz burada bişirilir. Ət və ağ lobyadan hazırlanan bu yerli təam gil qabda təqdim
olunur və elə sobadan götürülüb qaynayan vəziyyətdə masanın üstünə qoyulur.


Carcassone çox mürəkkəb tarixi olan qədimi bir qaladır. 725-ci ildə buranı müsəlmanlar ələ keçirir
və şəhərin adının yaranmasının ən çox yayılmış əfsanəsi elə bu dövrlə bağlıdır. Qalanın Karl
tərəfindən mühasirəsinin beşinci ili gedirdi. Demək olar ki, bütün qarnizon başda müsəlman
hökmdarı Balaak olmaqla mehv edilmişdi. Elə bu vaxt Balaak`ın həyat yoldaşı Karkas xanım hiylə
işlədir - şəhərdə yeganə sağ qalmış donuza taxıl yedizdirib onu qala divarından tullayır aşağı.
Zərbədən partlayan donuzun qarnından yerə tökülən taxılı görən Karl fikirləşir ki, gör bunlarda nə
qədər donuz var ki, onları diri diri tullayırlar və nə qədər yemək ehtiyyatları var ki, donuzlara taxıl
yedizdirirlər. Bu vəziyyətdə o, mühasirənin mənasız olduğunu düşünərək ordusuna geri çəkilmək
əmri verir. Qələbəni qeyd edən Karkas isə zəng çalmaq əmri verir. Səsi eşidən Karl`ın silahdaşıyanı
hökmdarına müraciət edərək “Cənab, Karkas Sizi çağırır” deyir (Sir, Carcas te sonne). Bilmirəm
Sizə nə qədər maraqlı gəldi, amma hər halda turistlər üçün hesablanan və şəhərin brendinə çevrilən
bu əfsanənin baş qəhramanı Karkas xanımın heykəli elə girişdəcə Narbonn qapıları ilə üzbəüz
dayanıb camaatı qarşılayır.

XI-ci əsrdə Languedoc`da mənəvi dünyanın yaradıcısı olan Xeyirxahlıq Allah`ını və maddiyyatın
yaradıcısı olan şeytanı qəbul edən  Katar təriqəti yaranmağa başlayır. Carcassone katar
mərkəzlərinin birinə çevrilir. Bunu eşidən Roma papası dönüklərə qarşı səlib yürüşü elan edir.
Bölgəni od içində boğan və yerlə yeksan edən bu yürüş Carcassone qalasına demək olar ki,
toxunmur. Buna səbəb isə qala müdafiəçilərinin iki həftədən sonra su çatışmazlığı səbəbindən təslim
olmaları olur. Şəhər sakinlərinə buranı sağ salamat tərk etmək imkanı yaradılır, yalnız bir şərtlə -
onlar hər bir şeylərini şəhərdə buraxıb, özləri ilə isə yalnız günahlarını apara bilərdilər, yəni ki, bir
şalvar və bir köynəklə. Langedoc`un tarixində qaranlıq dövr başlayır – müharibələr, inkvizisiya,
kütləvi qırğınlar. Bəzi məlumatlara görə inkvizisiya elə məhz bu dövr burada yaranıb. Və onun ilk
qurbanları katarlar olub.

Lakin, tam qələbəni qeyd etmək hələ tez idi. Qürurlu katarlar azadlıq mübarizələrini hələ çox davam
etdirdilər. Onlar insanı insan tərəfindən istismar etmədən vicdanlı və sağlam həyatı təbliğ edirdilər.
Döyüşlər uzun illər davam etdi, lakin güclər qeyri bərabər idi və yekunda katolik dininin tərəfdarları
tam qalibiyyət qazandılar. İndiki Carcassonda o dövrdən qalan abidələrdən biri də qalib tərəfin qala
işərisində tikdirdikləri Müqəddəs Nazari və Selsi katolik kilsəsidir.

Qalanın ərazisi gəzməklə bitmir, hər addımda elə bil ki, o dövrlərə qayıdırsan. Hər il iki milyon
turist qəbul edən Carcassone son dövrlər Holliwood`un da maraq dairəsinə daxil olub. Burada
“Robin Qud”, “Janna Dark”, “Harri Potter” və bir neçə Disney cizgi filmləri çəkilib. Hətta Disney
özü bir neçə il Carcassone`də yaşayıb.

Carcassone qaladan başqa aşağı şəhərdən də ibarətdir. Şəhərin bu hissəsi bizdə o qədər də maraq
doğurmasa da, gedməyə məcbur idik. Və səhər yeməyindən sonra şəhərə poçt axtarışına yollandıq.
Avropada cərimə ödəmə təcrübəmin olmadığından proses mənə çox maraqlı gəldi. Demək poçtda
cərimənin dəyəri qədər marka almalisan, onları zərfin üstünə yapışdırıb poçt qutusuna atmalısan.
Poçt qutusunu tapmaqda isə bizə bir yerli qonaqpərvər fransız yardımçı oldu. Bizim ingiliscə, onun
isə fransızca danışmasına baxmayaraq bir birimizi çox gözəl başa düşürdük.
Bir sözlə, yolunuz nəinki Fransaya və ya İspaniyaya düşəndə, umumiyyətlə Avropa`ya növbəti
səfərinizin xəritəsinə mütləq bu balaca lakin qədim və qürurlu bi tarixi olan Carcassone şəhərini
salın.


Baxış Sayı: HTML Hit Counter




Blogger tarafından desteklenmektedir.