Romantika görmək istəyən Veronaya gəlsin
Amma bu üç – dörd saata da Veronada baxılası kifayət qədər tarixi və maraqlı yerlər var. Birinci yerdə, əlbəttə ki , Verona amfiteatrı (Arena di Verona) durur.
Bu arena bizim vaxtlara çatan Roma dövrünə aid olan amfiteatrlardan ən yaxşı vəziyyətdə qalanıdır. Bu abidə İtaliyanın ən tanınmış ikinci amfiteatrı sayılır. Çəhrayı mərmərdən olan bu arena bizim eranın 100-cü ilində inşa edilib və şəhərin mərkəzi meydanında Piazza Bra`nın şimal hissəsində yerləşir. Amfiteatrın ümumi tutumu 20 000 insandır. XII-ci əsr zəlzələsinə baxmayaraq çox yaxşı vəziyyətdə qalıb. Bu gün arena Veronanın keçmiş nəhəngliyinin və zənginliyinin yadigarıdır. Əsrlərlə yaşı olan amfiteatr və onun akustikası hal hazırda mikrofonsuz canlı çıxışlar üçün ən əlverişli açıq meydan sayılır. Elə biz burda olan günün ertəsi arenada azərbaycanlı opera müğənnisi Yusif Eyvazov`un iştirakı ilə Verdi`nin Aida operası nümayiş olundu.
Piazza Bra`nın qərb tərəfini Veronanın tanınmış ailələrinə məxsus XIV-XVII-ci əsrlərə aid olan bir sıra binalar bəzəyirlər. Şəhərin ən polpulyar və gecəyə qədər açıq olan pisseriya və kafeləri də bu meydanda yerləşirlər.
Piazza Bra`dan məşhur brend mağazalarının yerləşdiyi via Mazzini ilə gedib çatırıq Veronanın ikinci populyar turist obyekti olan Culyettanın evinə (Casa di Gulietta). Bu yer ikinciliyi, əlbətdə ki, mənim sıralamamda tutub, əksər romantiklər üçün Culyettanın evi şübhəsiz ki, Veronanın görüləsi yerləri arasında birinci yerdə dayanır.
Kapuleti ailesinin ne vaxtsa bu evdə yaşadığı haqda heç bir məlumat yoxdur. Hətta yaşasa belə Culyetta adlı qızın bu evdə olub olmaması böyük şübhə doğurur. Şəhər rəhbərliyi 1905-ci ildə bu köhnə və baxımsız qalmış evi bağı ilə birlikdə alaraq onun gələcək müqəddaratını həll etmişdir. Və hətta deyirlər ki, şəhər tərəfindən alınana qədər bu ev biraz abırlı desəm yüngül xasiyyətli qadınlar üçün ictimai yer olubmuş. İndi başa düşürsünüz da Culyetta bu evdə yaşamış olsa idi hansı yolun yolçusu olardı?
Lakin, bu qızın əfsanəsi o qədər güclüdür ki, ildə bir milyona yaxın insanı bu evə gətirir. Romantika ilə alışıb yanan turistlər evin divarlarında bir dənə də olsun boş yer qoymayıblar. İstənilən dildə sevgi mesajları, qraffiti. Hacıbala müəllimin gözündən iraq. Nə aqlaylanası binadır! Hələ sevgi məktublarını demirəm. Yekə, yekə qızlar oturub elə burdaca bir namə yazıb yapışdırırlar divara ki, Culyetta xanım oxuyub bunlara bir məsləhət verəcək. Bir sözlə, gözəl mənzərədir – həm ağlamalı, həm də gülməli.
Ekskursiyanın bu hissəsində xoşuma gələn Culyettanın həyətdəki bürünc heykəli oldu, daha doğrusu bu heykəl üzərində aparılan tədqiqat. Uzun növbədən sonra mən də heykələ yamxınlaşıb sağ döşündən tutdum, amma adət ənənədən qırağa çıxaraq heç bir arzu ürəyimdə tutmadım. Sağ döşün qızılı rəngə çalması onu göstərir ki, milyonlarla insan artıq öz arzusuna çatıb. Bizə isə onların yerinə yalnız sevinmək qalır.
Biraz imkanlı qızlar hələ dörd Avro`sundan keçib Culyettanın eyvanında baxışlarını səmaya tuşlayıb bu romantik pozada şəkil də çəkdirirlər. Yaxınlaşıb qulaqlarına deyəsən ki, eyvan binaya 1928-ci ildə tikilib. Amma nə işim var? Mən siyasətə, yox e, sevgiyə qarışmıram. Verona hakimiyyəti tərəfindən qəbul edilmiş yeni qərara görə bu eyvanda nikah da bağlamaq olar. Bundan ötrü şəhər sakinləri 600, AB vətəndaşları 800, digər vətəndaşlar isə 1000 Avro`ları ilə vidalaşmalıdırlar. Qərardan bəhrələnən romantik cütlüklər hər iki səfərlərim vaxtı gözümə dəymədi.
Bu qədər romantika sizə bəs etməsə bu şəhərdə yaşayib yaşamadığı bilinməyən Culyettanın evindən yollanın onun qəbrinə. Bəli, bəli deyilənlərə görə məhs bu yerdə Romeo və Culyetta həyatları ilə vidalaşıbmışlar.
Qəbr üstünə əlbəttə ki, gedmədim. Yolumu saldım şəhərin ən qaynar nöqtəsi olan Piazza delle Erbe`yə. Bura yerli dondurma (gelato) yeyib romantik şəhər ilə vidalaşmağın əsl yeridir.
Post a Comment