Tirren dənizinin rus sahili
İtaliyanın turistlər tərəfindən ən sevilən və gəzməli bölgələrindən biri olan Toskana
yalnız Florensiyası, kiçik tarixi şəhərləri, qəsrləri, meyvə-tərəvəz plantasiyaları ilə
məşhur deyil. Toskanın qərbində İtaliyanın dəbli və ən bahalı kurortu Forte Dei Marmi
yerləşir.
Tirren dənizinin sahilində yer alan bu şəhərin tarixi XV-ci əsrdə yaxınlıqda yerləşən
Apuan dağlarından çıxarılan mərmərin daşınması üçün inşa edilən limandan başlayır.
Bir neçə əsr sonra isə hersoq I-ci Leopoldun əmri ilə şəhər əhalisini dəniz
quldurlarından qorumaq üçün sahildə qəsr tikilir. Indi daşıdığı adı şəhər elə məhz o vaxt
alır – Forte Dei Marmi. İtalyancadan tərcümüdə mərmərdən qəsr mənasını verir.
Keçən əsrin ortalarından populyar kurorta çevrilən Forte Dei Marmi əvvəl italyan
aristokratları və tanınmışlarının diqqətini cəlb edir. Əsrin ikinci yarısından isə bura bütün
dünyadan imkanlı turistlərin sevimli istirahət yerinə çevrilir.
90-cı illərdən başlayaraq adam içinə çıxan keçmiş SSRİ vətəndaşları da buralara
gəlməyə başlayırlar. Hal hazırda Forte Dei Marmi`nin daşınmaz əmlakının MDB
ölkələrinin pasportlarının daşıyıcılarına məxsus olması haqda buraya gəlməzdən biraz
əvvəl oxumuşdum. Amma fikirləşməzdim ki, şəhərə girən kimi elə ilk gördüyüm maşın
Moskva nömrələri ilə Maserati olacaq. Şəhərdə gəzdikcə hər addımda rus dili eşidirsən.
Vikipediyaya inansaq şəhərdə olan 7000 evdən 2500-ü rusiyalılara məxsusdur. Bu
xoşbəxt villa sahiblərinin siyahısında Abramoviçin, Deripaskanın, Tinkovun və Putinin
bacısının adları var.
Forte Dei Marmi`nin çimərlikləri İtaliyanın digər məşhur Positano, Amalfi, Portofino və s.
çimərliklərindən baxımlığı, təmizliyi və qumun çoxluğu ilə fərqlənir. Buranın havası da
İtaliyanın digər kurort bəlgələrindən fərqlənir. Çox nadir hallarda hava 30 dərəcədən çox
qızır, çimərlik mövsümü isə may ayından sentyabra qədər davam edir. Yerli infrastruktur
çox inkişaf edib. Burada yerləşən villa və otellər sahildə ən rahat və komfortlu sayılırlar.
Şəhər çoxlu sayda villalardan və brend otellərdən ibarətdir. Bu istirahət obyektlərinin
əksəriyyəti tropik bağlarla əhatə olunur. Idman meydançaları, tennis kortları və qolf
meydançaları da öz yerində.
Yaradılan hər bir şərait elə özü imkanlı turisti bura çağırır. Üç ulduzlu mehmanxana
kurortda yoxdur. İmkanlı turistlər arasında ən populyarları təbii ki, ənənəvi toskan
stilində tikilmiş villalardır. Otellərdən fərqli olaraq bu villalar bir aydan az müddətə
icarəyə verilmirlər, əksər hallarda isə tam yay mövsümünə təklif olunurlar. Sahil boyu
yalnız pullu çimərliklər yerləşib. Qiymət isə... İlk üz tutduğumuz çimərlikdə yalan olmasa
300 çətir olardı. Bizi qarşılayan yerli persona çimmək arzumuzu ürəyimizdə qoydu.
Verdiyi cavabları heç ağlıma gətirə bilməzdim. Çətirlərin hamısının pulu ödənilib, yiyələri
gələ də bilər, gəlməyə də. Bir neçə dəqiqə donub aldığımız informasiyanı emal edəndən
sonra yollandıq digər çimərliyə. Burada bir çətirin gününə 65 Avro pul istədilər. Bu yerdə
azərbaycanlığımıza salıb başladıq alverə və çətirin üç saatlıq icarəsinin qiymətini 30
Avroya qədər sındırdıq. Amma insafən onu da deyim ki, burada qiyməti 200 Avro olan
çimərliklər də var. Dünyanın heç bir yerində bü cür insafsız və heç bir məntiqə
sığmayan qiymət – keyfiyyət nisbəti yoxdur.
Forte Dei Marmi`nin çox kiçik ölçülərinə baxmayaraq, darıxmağa vaxt tapmaq olmur.
Əsas görməli yeri qeyd etdiyim kimi şəhərə indiki adını verən qəsrdir. Şəhərdəki
mağazalar yalnız tanınmış brendlərdən ibarətdir. Şəhərin coğrafi baxımdan bir
üstünlüyü də ondan ibarətdir ki, buradan İtaliyanın digər populyar istiqamətlərinə yollana
bilərsiniz. Əyri qülləsi ilə tanınan Pisa, Toskananın ən görməli şəhərlərindən olan Siena,
incəsənət paytaxtı sayılan Florensiya və Livorno Forte Dei Marmi`dən maşınla bir
saatlıq məsafədə yerləşirlər. Həmçinin buradan Portofino və Elba, və Kapri adalarına
dəniz gəzintiləri təşkil olunur. Bakıdan gəlməyin ən asan yolu isə birbaşa təyyarə reysi
ilə Milana uçub oradan da icarəyə götürülməş avtomobillə Forte Dei Marmi istiqamətinə
naviqatoru yönləndirməkdir.
Forte Dei Marmi`nin ruslar arasında populyarlıq sirrini mən bu cür izah edərdim.
Şəhərdə əsas nəqliyyat vasitəsi velosipeddir və bu velosipedləri idarə edənlərin
arasında ən çox rast gəldiyim rusdilli dayələr və qulluqçular oldu. Monakonun iki saatlıq
məsafədə olduğunu nəzərə alsaq, yəqin ki, oliqarxlar uşaqlarını qulluqçularla birlikdə
burada buraxıb özləri isə gecələri Monte Karlo kazinolarında keçirirlər. Bir sözlə, Forte
Dei Marmi`də uzun müddətli qalmağa yox, amma gedib check in etməyə dəyər.
Baxış Sayı:
Post a Comment