Uzaq Səhralarda II-ci hissə
II-ci hissə
Qahirə
- keçmişin canlı tarixi
Qahirə - dünyanın ən qədim dörd şəhərindən biri,
heç vaxt yatmayan, minilləri adlayan daima canlı bir şəhər. Milyonçular və dilənçilər
vətəni, Qərbin və Şərqin birləşdiyi bir yer. Bunların hamısına mən birini də əlavə
edərdim – siqnallar şəhəri. Qahirə sürücüləri ayrıca bir mövzudur. Bizim
avtomobilçilərin sürücülük vəsiqəsini almazdan evvəl musiqi məktəbini bitirməsini
bilirdim. Misirlilər isə əməlli başlı konservatoriya məzunları imişlər, elə bil
bütün şəhərdə siqnalizasiya qoşulub. Heyif ki, bu xüsusi effektləri yazı ilə
çatdırmaq qabiliyyətinə malik deyiləm. İşıqfora da demək olar ki, fikir verən
yoxdur. Yol keçmək üçün əlini qabağa uzadıb maşını saxlatmaq kifayətdir. Yol nəqliyyat
hadisəsi adi haldır, salamat maşına çox nadir hallarda rast gəlmək mümkündür. Qəza
baş verəndə heç özlərinə əziyyət verib maşından da enmirlər, elə pəncərəni azca
aşağı salıb gülümsəyirlər və yollarını davam etdirirlər növbəti qurbana qədər.
Müasir Misirin paytaxtı demək olar ki, elə Sfinks`dən
başlayır. Qahirə müasir göydələnlərdən ibarət məhəllələrin, qədimi iqamətgahların,
şərq bazarlarının və hələ kifayət sayda olan köhnə əyri küçələrin
qarışıqlığından ibarət bir şəhərdir. “Şərqin
parıltısı və yoxsulluğu” (блеск и нищета Востока) mərfumunun nə olduğununa bu şəhərdə
cavab tapırsan. Bir sözlə, Qahirə qədim keçmişin canlı tarixidir. Misir əhalisinin
dörddə biri – 16 milyonu ölkənin paytaxtında yaşayır. Çoxsaylı göydələnləri ilə
səmaya yüksələn şəhərin dizayn müxtəlifliyini qədim abidələr təşkil edir. Qahirə
gözəl və əzəmətli Nil`dir, onun körpu və şərqsayağı bulvarları ilə və Qərbi təzahür
edən brend otelləri ilə. Bu şəhərin küçə və rayonları oxşar deyil fərqlilik hər
addımda özünü göstərir. Bilmirsən bu küçələrdə daha çox nədir – mağazalar, məhsullar,
restoranlar yoxsa sadəcə təəssüratlar. Və, nəhayət, Qahirə indi bizdə çox dəbdə
olan əsl multikulturalizm, dini azadlıq məkanıdır. Qədim dövrlərdən bu şəhərdə İslamın bir neçə qolunun
və katolik və pravoslav xristianlığıqın mövcudluğu dediklərimi sübut edir.
Əhalinin əksəriyyəti əlbəttə ki, müsəlmandır.
Mənim üçün bu şəhər İslam dünyasının ən önəmli bir
ismi, yenilməz sərkərdəsi Salah Ad-Din`in ləqəbi ilə tanınan Yusuf ibn Əyyub
adı ilə də bağlıdır. Üçüncü nəsildə muzdlu əsgər olan Salah Ad-Din onun
bioqraflarının sözlərinə görə Evklid və Alqamest`in suallarına cavab verəcək qədər
bilikli olub, riyaziyyat və islam hüququnu gözəl bilirdi, Abu Təmmas`ın on
tomluq ərəb şairlərinin şeirləri toplusu olan Kitabi Al-Xamasa`nı əzbərdən söyləyirdi.
Səlibçilərin qatı düşməni olan Salah Ad-Din öz cəsarəti və düşmana qarşı olan
alicənablığı ilə xristian Avropasında böyük hörmətə malik idi. Səlibçilərin
başçılarından biri olan İngiltərə kralı
birinci Riçard onu özünə dost sayırdı, baxmayaraq ki, həyatda cəmi bir dəfə
görüşmüşdülər. Şərqin tarixində Salah Ad-Din Qərbin işğalının qarşısını alan,
islam qüvvələrini Qərbə yönəldən və müxtəlif islam güclərini birləşdirən, öz şəxsiyyətində
İslamın yüksək ideallarını və keramətini təcəssüm edən fateh kimi qaldı. Elə
Salah Ad-Din`ə olan məhəbbətim Qahirədə ilk turizm obyekti seçimində öz rolunu
oynadı – şəhərin vizit kartı olan islam özəyinin məskəni 1176-cı ildə dahi sərkərdənin
dövründə inşa olunan Salah Ad-Din qalası. Şəhərin mərkəzi kvartallarından cənub
şərqdə yerləşən qaladan bizim vaxtlara salamat çatan yalnız cənub və şərq
xarici divarlarıdır. Əsas meydana iki yol aparır. Soldan - Sultan Al-Nasr məsçidi,
düz – 1857-ci ildə tamamilə misir alebastrından tikilən Muhammed Ali məsçidi. Məsçidin
içərisində girişdən sağda Misiri birləşdirən Muhammed Ali`nin qəbri yerləşir. Məhs
o, 1 mart 1811-ci ildə bu qalaya ölkənin 480 qəbilə başçılarını dəvət edib
hamısını elə buradaca öldürərək Misirdə illərlə davam edən qardaş qırğınlarına
son qoyur. Qala şəhərin ən yüksək nöqtəsində yerləşdiyindən buradan Qahirəyə
gözəl mənzərə açılır. Qərb divarından min ildən çox tarixləri olan Sultan Hasan
və İbn Tulun məsçidləri görsənir. Daha uzaqda köhnə şəhəri, lap aralıda isə
Qiza və Sakkara`nın ehramlarını görmək olur.
Qaladan çıxarkən oğlum blokpostda dayanan polislərlə
şəkil çəkdirmək istədi. Bu istəyimizi polislərə bildirdikdə onlardan biri gedib
komandirlərini çağırdı. O isə çox mədəni şəkildə fotonu sosial şəbəkələrdə biz
tərəfdən yayılması mümkünlüyünü bildirərək bu ideyanı elə kökündəcə boğdu. Başa
düşdüm ki, bu polislərin üzlərinin tanınmasından doğan narahatlıqdır. Onu da
deyim ki, blokpostlar yalnız Qahirədə deyil, Misirin bütün şəhərlərində var. Ən
vahiməlisi isə Qahirə Milli Muzeyinin girişində - altı ədəd hərbi zirehli maşın
və onların önündə betonun üstündə quraşdırılmış pulemyotun arxasında üzü bizə tərəf
hazır vəziyyətdə dayanan pulemyotçu. Bir sözlə muzeyə daxil olmazdan əvvəl
adrenalın qəbul etmiş olursan.
1858-ci ildə fransız misirşünas Auguste Mariette tərəfindən
təsis edilən və Qahirənin qüruru sayılan bu muzey qədim Misir dünyasının ən zəngin
kolleksiyasına malikdir. Qahirə muzeyinə tezdən gəlmək məsləhətdir ki, muzey
açılan kimi ora daxil olasınız və tez qalxıb ikinci mərtəbədə saxlanılan
Tutanxamonun qızıl maskasına baxasiniz. Birazdan bu otağın qarşısında növbə
yaranacaq. Buranı gəzdikdən sonra isə rahat şəkildə muzeyin qalan hissələrinə
baxmaq olar. Qədim ehramlar ölkəsinin bütün tarixi göz önündə - Qizada
qazıntılar vaxtı tapıımış Hefren`in heykəli, Sakkarada tapılmış Cossser`in heykəli,
fironların heykəlləri.... Məşhur Nefertiti`nin həyat yoldaşı olan Exnaton`un
epoxasına ayrıca zal həsr edilib. Bu zalda fironun Karnak`dan gətirilmiş nəhəng
heykəli və dünyaca məşhur olan və şüşə arxasında saxlanılan Nefertiti`nin heykəli
və s.
İnqilabdan sonra məşhurlaşan Təhrir meydanı Muzeyin
yanında yerləşir. Bizim uşaqlar üçün isə bu meydana marağın səbəbi burada yerləşən
KFC idi. Uşaqlarla sürücü qidalanana qədər Təhriri o başdan bu başa gəzib
burada yaşananları təsvir etməyə çalışdıq və təbii ki, nətəri lazımdı “selfiləşdik”.
Köhnə şəhərin qalın divarları arxasında kopt
(xristian) Qahirəsi yerləşir. Xristianlıq Misirdə hələ III-cü əsrdə islamdan
çox əvvəl yayılıb. Əvvəl onunla Nil`in qədim Allahlarına itayət edənlər
vuruşur, sonra isə Ərəb yarımadasından gələn İslam. Amma bunlara baxmayaraq
Misir xristianları özlərini və dinlərini qoruya bildilər. Burada olarkən öyrəndim
ki, Misir xristianlarının sol biləklərində romb formasında xüsusi tatuları var.
Mənasını öyrənə bilməsəm də, təxmin etdiyimə görə çətin ki, bu onların rəssamlığa
meyllilikləri ilə izah olunsun. Ən qədim
abidələri isə IV-cü əsrdə müqəddəs Məryəm`in adına ucaldılmış El Mulakka asma
kilsəsidir. Nil`in sahilində yerləşən Babil qəsrinin cənub darvazaları üzərində
inşa edilən bu məbəd sanki suyun üstündə dayanıb.
Qahirə deyəndə həm də Fatemilər tərəfindən 988-ci
ildə inşa olunmuş və Məhəmməd peyğəmbərin (s) qızı Fatimeyi Zəhra`nın adını
daşıyan Al-Ashar universiteti yada düşür. Bu məsçid Fatemilərin rəsmi məsçıdı
sayılırdı. 975-ci ildən məsçiddə şiyəliyin əsasları tədris olunmağa başlayır.
Fatemilərin süqutundan sonra Al-Ashar əvvəlki önəmliyini itirir və sıravi sünni
məsçidi səviyyəsinə endirilir. Bu təhsil ocağının kitabxanasında olan 2 mln
yaxın kitab isə satılr ya da dağıdılır...Müasir Al-Ashar Misirin
konstitusiyasında adı çəkilən bir brendə çevrilib. İndiki Al-Ashar bütün ərəb şərqində
ən böyük universitet sayılır.
Universitetdən yolumuzu saldıq Qahirənin ən maraqlı
bir yerinə - Xan El-Xəlili. Uşaqlıqdan eşitdiyim Şərq nağılı bura imiş. 700 il əvvəl
Sultan Əl-Əşrəf tərəfindən yaradılan bu bazarın ucu bucağı bilinmir. Təsəvvür
edin ki, bazarın altı girişi və on iki “muxtar vilayəti” var. Misirdə istehsal
olunan və Misirə müxtəlif yollarla gətirilən istənilən malı burada tapa bilərsiniz.
Yaxşı bazarlaşsan bu bazardan uçan xalça və ya Ələddin`in sehrli çırağınının
xoşbəxt sahibi kimi də ayrılarsan. Buranı saatlarla gəzib və heçnə almaya da
bilərsən, məsələn bizim kimi. Adam əlindən tərpənmək mümkün deyil, satıcıların
qışqırıq səsləri isə insanın lap beyninə işləyir.
Elə gəzintimiz başa çatırdı ki, sürücümüzün yadına bir
maraqlı fakt düşdü. Düzünü deyim, səfərdən əvvəl bu haqda heç məlumatım yox
idi, sən demə Qahirədə Ər-Rifahi məsçidində İran şahı Rza Pəhləvi`nin qəbri
yerləşirmiş. Gedib onu da ziyarət edib missiyamızı bitmiş hesab etdik.
Qahirədə adını çəkmədiyim digər də çox maraqlı
tarixi tikililər və yerlər var, saymaqla bitmir. Və onu da deyim ki, Qahirə,
umumiyyətlə Misir, olduğum ölkələr arasında yeganə yerdir ki, adamı özünə çəkir.
Yenə də imkan düşsəydi böyük məmnuniyyətlə gedib bu ölkəni qarış qarış gəzərdim.
Bəlkə də buna səbəb ucuz nəqliyyatdır – günü 20 dollara taksi sürücüsü sizi gün
doğandan batana qədər gəzdirir. Günəş isə buralarda çoooox gec batır.
Post a Comment