FRANSANIN ROMA ABİDƏLƏRİ




Aralıq sahilinin 40 kilometrliyində Provansda yerləşən Nim (Nimes) şəhərini Fransanın Roması
adlandırırlar. Elə şəhərin girişindəcə bizi nə az, nə çox möhtərəm Oktavian Avqust cənabları
şəxsən qarşılayır. Bəzi fərziyyələrə görə əsası Herakl`ın oğlu tərəfindən qoyulan şəhər
eramızdan əvvəl 120-ci ildə Roma tərəfindən fəth edilir. Qədim kelt yurdunda imperator Avqust
tərəfindən yeni şəhər yaradılır. Və bugün də bu şəhərdə o dövrün şahidləri olan xeyli sayda
abidələr var. Fransanın heçbir şəhəri o dövrə aid abidələrin miqdarı və saxlanma vəziyyətinə
görə Nim`lə müqayisəyə girə bilməz. Elə bu səbəbdən Nim`i çox vaxt Fransanın cənubunda
yerləşən kiçik Roma adlandırırlar.
Bu şəhərdə bizim gəzintimizi asanlaşdıran bir xoş tanışlıq oldu. Rastımıza çıxmış türk
yeməkxanasının sahibi öz təşəbbüsü ilə universitet tələbəsi olan qızını bızə bələdçi qoşdu.
Nim`in vizit kartı əlbəttə ki, iki min yaşı olan və demək olar ki, toxunulmamış qalan amfiteatrdır.
Bu amfiteatr dünyada ən yaxşı qorunub saxlanılan bu tip abidədir. Elə indi də burada konsertlər,
teatr tamaşaları və korrida keçirilir. 25000 tamaşaçı yerləşdirən bu amfiteatrda üç il əvvəl
tanınmış alman rok qrupu Rammstein`in konserti baş tutmuşdur.


Amfiteatrdan sonra istiqamət götürdük Nim`in ikinci abidəsi sayılan Maison Carree`yə (Kvadrat
Ev). Bu abidə imperator Avqustun lap cavan ikən döyüşdə həlak olan nəvələri Qay və Luçiy`in
şərəfinə eramızdan əvvəl I-ci əsrdə inşa olunmuşdur. Maison Carree Fransa ərazisində Roma
məbədlərindən ilkin vəziyyətdə tam qorunub saxlanılmış yeganə abidədir.




Maison Carree`dən biraz yuxarı yol bizi gətirib çıxarır Fəvvarələr Bağına (Jardins de la
Fontaine). Nim`lə həmyaş olan bu bağ əvvəllər şəhəri su ilə təmin edirdi. Qədim Roma
vaxtlarında burada bulaq, teatr, məbəd və imperatorun qəsri yerləşirdi. XII-ci əsrdə bu ərazidə
Versalsayağı park salınmışdır. Parkda olan ağacların sayı hesabı yoxdur. Park o qədər böyük
ərazini əhatə edir ki, şəhərin merinə “xod” tapıb yerində çox geniş yaşayış massivi salmaq
olardı. Hələ həyətindəki kababxanaları demirəm.



Yarıdağılmış vəziyyətdə olan Diana məbədi (Le Temple de Diane) də parkın ərazisində yerləşir.
Bu roman-qall abidəsinin çox ağır taleyi var. Orta əsrlərdə kilsə kimi fəaliyyət göstərən bina
əldən ələ keçir və dini müharibələrdə dağıdılır. 1577-ci ildə katoliklər binanı protestantların
əllərinə keçməsin deyə dağıdırlar, daşları isə zamanla tikinti işləri üçün oğurlanıb aparılır.

Diana məbədindən aralı qall-roman memarlığına aid daha bir abidə - Tour Magne (Man qülləsi).
Bəzi məlumatlara görə bu abidə Roma dövründən də böyükdür. Digər fərziyyəyə görə isə bu
abidə Avqustun məqbərəsinin qalıqlarıdır. Bəlkə də indi turistlər tərəfindən şəhərə ən gözəl
baxış yeri kimi istifadə olunan bu yerdən o vaxtlar imperator Avqust dayanıb Nim`ə nəzarət
edirmiş. Hər halda rahat söyləyə bilərərm ki, onunla zaman baxımından fərqli də olsa, amma
eyni torpağa ayaq basıb bir istiqamətdə baxmışıq.



Yuxarıda qeyt etdiyim kimi, Fransanın heç bir şəhəri Qədim Roma abidələrinin sayı və qorunub
saxlanmasına görə Nim`lə müqayisə oluna bilməz. Şəhərin gerbi – palma ağacına zincirlənmiş
timsah, Oktavianın Antoni və Kleopatranın başçılıq etdiyi Misir donanması üzərindəki qələbəsini
əks etdirir. Bir məlumat da verim ki, şəhərin 1985-ci ildə yenilənmiş embleminin müəllifi tanınmış
dizayner Philippe Starck`dır. Məhz bu qələbədən sonra Oktavian imperator Avqust adı aldı,
Nim`də isə Avqustun triumfal arkı inşa edildi.
Beləliklə, ekskursiyamızı bitirib, Nihalın atasının restoranında dönər yeyib Nim`lə vidalaşdıq.
Nim`ə səyahət buranın lap yaxınlığında yerləşən Pont Du Gard`sız natamam olardı. Roma
sərkərdəsi Aqrippa tərəfindən eramızdan əvvəl XIX-cu əsrdə tikilmiş akveduk Nim şəhərinə suyun
çatdırılması üçün istifadə olunurdu. Əlli metr hündürlüyü olan bu tikinti Qədim Roma
akveduklarından ən hündürü sayılır. Bu nəhəng tikinti 1981-ci ildə YUNESCO əbədi irs siyahısına
daxil edilmişdir.


Bu şəhərə gələndən sonra anlayırsan burada olan turistlərin sayının səbəbini. Nim`in maqnit kimi

böyük sayda turist cəlb etməsinin sirri ondadır ki, Fransanın ən gözəl bölgələrindən biri olan

Lanagedok`u tərk etmədən Qədim Roma mədəniyyəti ilə tanış olursan. Necə deyərlər - ikisi birində.




Lap yadımdam çıxmışdı, mavi cins parçası adlandırılan “denim” sözü adını bu şəhərdən götürüb.
Əfsanəyə görə hətta Cristobal Colon`un karavellalarının yelkənləri Fransanın cənubunda, Nim
şəhərində istehsal olunan denim cins parçasından (serge de Nimes) hazırlanmışdı.

Baxış Sayı: Free Counter

Blogger tarafından desteklenmektedir.