MONTSERRAT – KATALONİYANIN SİMVOLU

Barcelona`nı nə qədər gözəl saysaq da, dahi Qaudi`nin tikintidə bucağın vacibsizliyi
nəzəriyyəsinin canlı şahidi olsaq da, Montserrat`sız Kataloniya səfəri natamam olar.

Barcelona`nın 45 kilometrliyində yerləşən benedikt monastırı Monasterio de Montserrat
Kataloniya`nın dini mərkəzi və dünya katoliklərinin zəvvarlıq mərkəzi sayılır. Dəniz
səviyyəsindən 745 km hündürlükdə yerləşən monastır adını Montserrat (Kəsilmiş dağlar) dağlıq
ərazisindən götürmüşdür. Kiçik bir ərazidə qeyri adi formalarda olan minlərlə əhəng sallarından
ibarət dağ silsiləsindən ibarətdir. Monastırın yaranma tarixi IX-cu əsrin sonuna təsadüf edir.
Əsrlər sonra Cristobal Colon bu monastırın adının ikinci səfəri zamanı Kiçik Antil Adaları
ərazisində ixtira etdiyi adada yaşatdırır. 1811-ci ildə Pireney müharibələri dövrü monastır
Napoleon ordusu tərəfindən yandırılıb dağıdılır. Yalnız 1844-cü ildə monastırın Kataloniya
əhalisi tərəfindən bərpası başlanır. Bərpa işləri 100 il davam edir. XX-ci əsrdə Montserrat
Kataloniyanın simvoluna və ağır tarixi günlərinin dəstəyinə çevrilir. Bircə bu faktı qeyd etmək
kifayətdir ki, Franko diktaturası zamanı qadağan olunmuş katalon dilində nikah mərasimləri
yalnız Montserrat`da keçirilirdi. Monastirda dünyada ən qədim sayilan uşaq xoru fəaliyyət
göstərir – Escolania de Montserrat. Bu xor 9-dan 14 yaşa qədər olan 50 oğlandan ibarətdir. Bu
uşaqların ifasında səslənən Qara Məryamın himni adama ləzzət verir. Uşaqların geyimi bizim
dövrün insanlarının çox sevdiyi “Nu poqodi” cizgi filmindəki dovşanların xorunu xatırladır.

Monastıra ad qazandıran və bütün dünyaya tanıdan Qara Məryam heykəli əfsanəyə əsasən 880-
ci ildə bu dağlarda oynayan yerli uşaqlar tərəfindən tapılıb. Bu xəbəri eşidən Monresa şəhərinin
yepiskopu heykəli bu şəhərə getirmək əmri verir. Lakin heykəlin çox ağır olması bu ideyanı
mümkünsüz edir. Yepiskop anlayır ki, Qara Məryam heykəlin dağda qalmasını istəyir və burada
monastır inşa etmək qərarına gəlir. Lakin bizim vaxtlara gəlib çatan ilkin abidə deyil. 95 sm
hündürlüyündə olan Qara Məryam və qucağındakı İsa peyğəmbərin heykəli XII-ci əsrdə qovaq
ağacından düzəldilib.


İnternetdə Montserrat`a gedmək yolunun ən səmərəli və maraqlısını sizinlə bölüşürəm. Əvvəla
onu qeyd edim ki, Montserrat`a maşınla gedmək ən böyük cinayət olardı. Bu halda özünüzü bir
sıra maraqlı təəssüratlardan təcriq etmiş olarsınız. Yalnız qatar. Ilk növbədə səhər sübhdən
oyanmaq lazımdır ki, İspaniya Meydanından saat 8:00 qatarı ilə yola düşəsiniz. Avtomatdan
komplekt bilet alırsınız - Manresa istiqamətində gedən qatara və Cremaallera`ya. Cremallera
dağa qalxan qatar növüdür, amma bizim funikulyorla heçbir qohumluğu yoxdur. Montserrat`da
iki fərqli dayanacaq var – Aeri de Montserrat və Monistrol de Montserrat. Montserrat Aeri`də
əksər turistlər Montserrat sözünü eşidib enirlər. Bu stansiyadan Montserrat`a kəndir yolu qalxır,
lakin onlar bilmirlər ki, bu kəndir yolu belə tez açıq olmur. Onlar gedib növbədə dayanan vaxtı
siz artıq öz stansiyanızda enib qatarla dağa qalxa qalxa selfie çəkdirirsiniz.


Qatardan enən kimi ilk növbədə Kafedral kilsəyə gedirsiniz. Hələ ki, adam azdır kilsənin
qarşısındakı meydanda biraz şəkil çəkdirib daxil olursunuz içəri. Kilsədən çıxıb tez sağdakı
girişə daxil olursuz. Burada bu yerin yaranmasının səbəbkarı olan La Moreneta (Qara Məryam)
yerləşir. Pilləkənlərlə qalxıb Moreneta`nın əyləşdiyi yerə çatıb qara yumurtaya toxunub arzu və
istəklirinizi bildirin. Çox axtarsam da divarlarda qəpik yapışdırmağa yer tapmadım. Yəqin ki,
gələcək üçün bunu da düşünərlər və iki ədəd də çıxış və girişdə nəzir qutusu qoyarlar.


Morenita`nı belə tez ziyarət etməyimiz çox vacıb idi, çünki birazdan giriş qapısı bir neçə saatlıq

bağlanacaq, yenidən açılandan sonra isə əməlli başlı izdiham yaşanacaq. Beləliklə, Moreneta`dan
ayrılıb qaçırıq yuxarı istiqamətdə gedən Sant Joan funikulyoruna. Yuxarıda qarşılaşdığımız
gözəllik adamı valeh edir. Və bu anda kataloniyalıların nə qədər biznesdə, ticarətdə aciz
olduqlarını dərk etmiş olursan. Burada o qədər kababxanalar tikmək olar ki, Ağsu aşırımı yalan
olsun.


Bu təbii gözəlliyi qavrayandan sonra və bu əjdahadan niyə bizdə olmaması haqda özünə sual
verdikdən sonra Santa Cova funikulyoru ilə enirik aşağı ki, 13:00-da kilsədə başlayan oğlan
uşaqlarının xoruna özümüzü çatdıraq. Biraz tez gəlsəniz lap yaxşı olar, çünki başlamağa 15
dəqiqə qalmış zalda bir dənə də olsun boş yer tapmaq mümkün olmayacaq. Xoru dinlədikdən
sonra kilsəni tərk edib üz tuturuq yaxınlıqda yerləşən bazara. Burada yerli fermerlər öz
istehsalları olan məhsulları satırlar. Missiyamızı bitmiş hesab edəndən sonra qayıdırıq əvvəldə
qeyd etdiyim kəndir yoluna, hansı ki, bizi gətirir Aeri de Montserrat stansiyasına. Buradan isə
İspaniya Meydanına gəlib günümüzü bitmiş hesab edə bilərik. İnanın ki, Montserrat`ın gözəlliyi
və cazibədarlığı sizi hələ dəfələrlə bu yerlərə çağıracaq.


Baxış Sayı: 
Free Web Counter



Blogger tarafından desteklenmektedir.