GROTTA PALAZZESE - DƏNİZ SAHİLİNDƏ MAĞARA RESTORAN


     Dəniz sahilində romantik şam işığında axşam yeməyindən gözəl nə ola bilər? Bəli, bundan gözəl yalnız və yalnız Grotta Palazzese`də şam yeməyi ola bilər. Dünyanın ən tanınmış mağara restoranı olan Grotta Palazzese Italiyanın Puglia bölgəsində balaca Polignano a Mare şəhərciyində yerləşir. Ölkənin əsas turist marşrutlarından kənarda qalan bu şəhərə gələnlər elə məhz bu restorana görə gəlirlər. Polignano a Mare Adriatik dənizinin sahilində yerləşməsinə baxmayaraq öz çimərliyi yoxdur, çünki şəhər sal və qayaların üstündə yerləşir və bu səbəbdən də dənizi yalnız yuxarıdan seyr etmək mümkündür. Bura ən yaxın hava limanı Bari şəhərində .yerləşir. Mən isə buralara Rimini’dən icarəyə götürülmüş maşınla gəldim.



Restoranın iş vaxtı hava proqnozundan birbasha asılıdır. Belə ki, ilk soyuq gündən xidmət dayandırılır. İl ərzində restoran cəmi beş ay fəaliyyət göstərir – maydan oktyabra qədər. Italiyanın cənubunda isti yay aylarında havanın 40 dərəcəyə qalxmasını görüb birdən bura şortikdə gəlmək istəsəniz, bilin ki, sizi içəri buraxmayacaqlar. Buna səbəb restoranda dress code`un tədbiq edilməsidir – yalnız ciddi geyim. Grotta Palazzese`sə olan marağın səbəbləri unikal lokasiya və interyerlə yanaşı burada təklif olunan yüksək xidmət, gözəl təamlar və əlbəttə ki, restoranın tarixidir. Hələ 400 il əvvəl yerli zadəganlar məhz burada bayram banketlərini təşkil edərmişlər.




Adriatik dənizinin mənzərəsi və günəşin batması geniş çeşidli dəniz yeməkləri və bahalı çaxırlarla yanaşı Grotta Palazzese`nin menyusuna daxildir. Ailə ilə sakit şam yeməyi üçün bundan yaxşı şərait ola bilməz. Restoranda təklif olunan bu bahalı çaxırların sırasında hətta gürcü çaxırı da var idi. Qonşularımıza sözün yaxşı mənasında paxıllığım tutdu. Restoranın xüsusiyyətləri arasında onun illuminasiyasını da qeyd edərdim. Mağaranın divarlarına yeridilmiş yüzlərlə lampa və bra zalda çox romantik bir atmosfer yaradır, sanki hansısa nağıla düşmüsən. Dənizdən 25 metr yüksəklikdə yerləşən mağaradan Adriatik dənizə gözəl mənzərə açılır.



Az qala unutmuşdum, restoran iki saat günortalar (12:30 – 14:30) və axşam saat 19:30 dan 22:30-a qədər fəaliyyət göstərir. Və əvvəlcədən rezerv etmədən restorana daxil olmaq demək olar ki, mümkün deyil. Rezerv edib gəlməsəniz isə kartınızdan adam başı 75 Avro çıxacaqlar. Bax belə qəddar qaydaları var insafsız italyanların. Vaxtı əvvəlcədən elə planlamışdım ki, axşam bu restorana gələ bilmirdin. Bu səbəbdən də günorta yeməyinə getmək qərarı verdim. Amma elə ona da biraz gecikməyimiz səbəbindən bizi restorana buraxmaq istəmirdilər. Hətta menyunu da əvvəlcədən göstərdilər ki, bəlkə qiymətlərdən qorxub fikrimizi dəyişək. Yazıqlar hardan bilərdilər ki, biz analoqu olmayan, ildə bir milyon iş yeri açılan və sakinlərinin maddi gəlirlərinin durmadan artan bir ölkənin xoşbəxt vətəndaşlarının pasportunu daşıyırıq.









Blogger tarafından desteklenmektedir.