MEZQUİTA. İspaniyanın ərəb möcüzəsi
Mezquita gözəldir, əzəmətlidir, möhtəşəmdir desəm heçnə deməmiş olaram, onun ünvanına leksikonumuzda olan bütün gözəl sözlər bes etməz. Buranı görüb dərk etmək, zallarında dolaşıb o dövrü təsəvvür etmək, Öməyadların yaratdıqları bir dövləti gözünün önündə canlandırmaq lazımdır.
178 metr şimaldan cənuba və 128 metr şərqdən qərbə ölçüləri olan Mezquita dünyada mövcud olan ən böyük məscidlərdən hesab olunur. Müasir Avropanın ərazisində müsəlman memarlıq abidələrinin möcüzələrindən biri olan Kordoba məsçidi (mezquita) hal hazırda Kordoba kafedral kilsəsi adı daşıyır. Lakin yüzilliklər keçməsinə baxmayaraq Kordoba sakinləri elə indi də onu mezquita adlandırırlar. İspaniyanın on iki möcüzəsi siyahısına daxil edilən bu möhtəşəm məsçid ölkənin ən çox ziyarət olunan abidəsi sayılır.
Kordoba məscidinin inşasını I Əbd Ər-Rəhman məhşur Dəməşq məscidinin intibahı kimi düşünübmüş. Məscidin tikintisi bir neçə etapa başa çatdı. Ərəblər bu şəhərə gələndə gələcək məscidin yerində San Visente kilsəsi yerləşirdi. O vaxtkı müsəlman Andalusiyasına xas olaraq bu kilsə müsəlman və xaçpərəstlər arasında bölünmüşdü, Quran və Yevangeliya bir dam altında səslənirdilər. Uzun danışıqlardan sonra Əbd Ər-Rəhman kilsəni xaçpərəstlərdən pulla alır və 785-ci ildə onun yerləşdiyi ərazidə məscidin əsasını qoyur.
Kordoba məscidinin özəlliyi onun çoxlu sayda sütunlardan ibarət olmasıdır. Tikinti başa çatanda 1293 sütundan ibarət olan məscidi 1445 bra və 280 çılçıraq bəzəyirdi. Tikintisinin hər mərhələsində məscid böyüdülürdü və bunun nəticəsi idi ki, məsciddə eyni zamanda 25 min insan ibadədlə məşqul olurdu. Dəməşqdəki dini abidələrə uyğun olaraq məscidi bizans mozaikası ilə bəzəmək qərarı verən xəlif Bizansdan təcrübəli ustalar dəvət edir.
Yunanlar tərəfindən quraşdırılmış akustika imamı hətta həyətdə belə eşidməyə imkan yaratmışdı. Zarafat deyil, təsəvvür edin ki, məscidin ümumi ərazisi iki hektardan artıq idi. Səsin bu qədər məsafədə yayılmasına səbəb mehrabın unikal forması imkan yaradırdı. İndi isə binanın daxilində heç mikrofonla da qışqırsan səs qapıda eşidilməz. Məscidin daxilinə qüsl alandan sonra daxil olmaq üçün istifadə olunan geniş ala qapılar çoxdan hörülüblər. Doğma suriya üçün darıxan Əbd Ər-Rəhman məscidin həyətini gətizdirdiyi palmalarla bəzədi. Palma ağacının Avropa ərazisinə gəlmə tarixi məhs bu ana təsadüf edir.
Məscidin digər islam dini abidələrindən fərqi zaldakı sütunların mehraba perpendikulyar yerləşməsidir. Bəzi alimlərin ehtimalına görə ilk tikilidə bu belə olmayıbmış. Onlar bunu sonrakı dövrlərdəki məscidin dəfələrlə genişlənməsi nəticəsində öz simmetriyasını itirməsi ilə izah edirlər. Alimlərin indiyə qədər digər baş sındırdıqları məsələ mehrabın yerləşmə istiqamətidir. Məlumdur ki, Məkkə Kordobadan 45 dərəcə cənub şərqdə yerləşir. Kordoba məscidinin mehrabı isə 28 dərəcə cənub şərqə istiqamətlənib. Sübutu olmasa da, amma üstünlük təşkil edən versiya odur ki, Əbd Ər-Rəhman mehrabı onun özünü bu yerlərə gətirən çay istiqamətində quraşdırıb.
III Ferdinandın əsgərləri - Rekonkista döyüşçüləri Kordobaya 1236-cı ildə gəlirlər. O vaxtkı hökmdar Abu Hasan şəhərin açarlarını əhalinin həyatını saxlamaq müqabilində müqavimətsiz olaraq krala təqdim edir. Ərəblər daşınan əmlaklarını yığıb yarım əsr özləri və ailələri üçün yeganə Vətən olan Kordobanı tərk etdilər. Ferdinand inanclı bir insan olmaqla yanaşı gözəlliyi sevən və qiymətləndirən adam idi. İslam məbədinin formasının təsiri altında o, çoxlarının tələbinə baxmayaraq məscidi dağıtmaq fikrindən vaz keçir. Lakin, bu tarixdən müsəlmanlara burada ibadət etməyə qadağa qoyulur. Qeyd etmək lazımdır ki,o vaxt məscidin memarlığında heç bir dəyişiklik edilmədi. Və hətta indi illərlə edilmiş dəyişikliklərdən sonra da görürsən ki, tikinti elə ən az katolik kilsəsinə oxşayır. Binanın daxilində cüzi bir hissədə tikilmiş katolik kilsə məscidin nəhəng ölçüləri ilə meqayisədə o qədər də gözə çarpmır.
Məscid ilkin vəziyyətdə hələ 300 il xristian Kordobasını bəzəyir. Lakin, XV-ci əsrin sonunda İniqo Manrike adlı yepiskop bu “biabırçılığa” – şəhərin mərkəzini bəzəyən islam abidəsinə son qoymaq qərarı verir. O, məscidi kilsəyə çevirmək təklifi ilə çıxış edir. Şəhər sakinləri abidənin müdafiəsinə qalxırlar, səbəb isə camaatın bu tikiliyə öyrəşmələri idi. Onlar mezquita`sız Kordobanı təsəvvür edə bilmədiklərini deyirdilər. Mübahisə çox uzanır, və məsələ V Karlın diqqətinə çatdırılır. Heç vaxt Kordobada olmayan Karl yeniliyə razılıq verir. 1526-cı ildə Kordobaya yolu düşən Karl öz qərarının nəticəsini görüb təəssüflə deyir:
- Siz istənilən yerdə inşa edə biləcəyininz bir kilsə tikdiniz, və dünyada yeganə olan bir şeyi məhv etdiniz....
Kassadan bilet alarkən müsəlman olub olmadığımızı soruşan xanım müsbət cavab aldıqda bizə binanın içərisində namaz qılmağın qəti qadağan olduğunu bildirdi. O vaxt o gözəlliyi görməyə tələsdiyim üçün xanımın sözlərinə fikir verməmişdim. Sonradan ağlıma gəldi ki, qəşəng bir prosess olardı Avropa insan haqqları məhkəməsi üçün. Həm məhşurlaşardım, həm də ki, biraz pul qazanardım. Belə baxıram, gərək təkrarən yolumu oralardan salım.
Baxış Sayı:
Post a Comment