Mandelieu La Napoule – bir sevgi tarixçəsi

Adı nəinki sizə və ya mənə, hər fransıza belə bir şey deməyən bu şəhərə məni, romantikaya tam yad bir insanı, burada yerləşən bir qəsrin tarixçəsi apardı. Hətta tam əminliklə deyə bilərəm ki, Fransa əhalisinin bəlkə də yarısından çoxu daha məşhur qonşuları Cannes, Nice və Antibes`in kölgəsində itən balaca Mandelieu La Napoule şəhərciyinin heç adını da eşidməyib. Əslinə qalsa elə qəsrdən başqa insanı bu şəhərə cəlb edəcək başqa səbəb yoxdur. Muzeylər, çimərliklər, restoranlar, mağazalar, müxtəlif əyləncələr və tarixi
əhəmiyyətli yerlər buranın iki addımlığında yuxarıda qeyd etdiyim şəhərlərdə yerləşir. Amma yolunuz Fransanın Aralıq dənizi sahillərinə Cote d`Azura düşsə bir küçədən ibarət olan Mandelieu La Napule şəhərciyini mütləq öz səyahət marşrutunuza salın. Bu qəsr öz gözəlliyi və tarixi ilə Fransadan ən xoş bir xatirə kimi yaddaşınızda qalacaq.
Həyətində iki qalanı (IV-cü əsr Roman və XI-ci əsr Sarasin) yerləşdirən bu XIV-cü yüzilliyin qəsrini mənzərəli Napoule körfəzinin suları yuyur. Qəsr o dövrün məşhur Villeneuve zadəgan nəslinə məxsus olub. Fransa inqilabının qələbəsindən sonra qəsr baxımsızlıqdan dağılmağa başlayır və Fransanın o vaxtkı başbilənləri qərara gəlirlər ki, belə bir əzəmətli yerdə şüşə istehsalı fabriki lap yerinə düşər...

Qəribə də olsa qəsrin gələcək taleyini Parisdə varlı amerikalı ailəsindən olan heykəltaraş və opera səhnəsində yeni addımlayan amerikalı opera ulduzu arasında baş verən görüş müəyyənləşdirir...Sənətə öz baxışları ilə seçilən yaradıcı bir insan və fantastik dərəcədə gəzəl bir qadın. Məhz bu görüş həyat və sevgi tarixinin başlanğıcını qoyur. Lakin, bu əbədi sevgi bizim milli – mənəvi dəyərlərimizə, mentalitetimizə, ənənələrimizə heç də uyğun qaydada başlamır. Sən demə həm qızın, həm də oğlanın adaxlısı var imiş. Onlar ailələrini tərk edirlər.
Henry ona bir oğul ve bir qız bəxş etmiş arvadını, Marie ilsə çox varlı bir ərini və iki oğlunu Amerikada qoyub həmişəlik Fransada qalıb öz fantaziyaları və xəyallarında olan dünyalarını yaratmaq qərarına gəlirlər. Gələcək yaşayış yerı axtarışına çıxan cütlük 1918-ci ildə bu qəsri alıb orada bərpa işlərinə başlayır...
Henry Marie`nin portretlərini “Müqəddəs Məryam” adı ilə imzalayırdı, onu özünün ilahisi sayırdı. Marie isə sevgilisinin yanında olmaq, onun ən sədaqətli pərəstişkarına çevrilmək və onun sənətinin təbliğatçısı olmaq üçün opera sənətini atır. Henry  rəssamlıq sənətini Wall Street`də tanınmış bankir və çox zəngin olan atasının arzusuna rəğmən seçir. ABŞ`da keçirdiyi ilk sərgisi böyük tənqidə səbəb olur və həyatının sonuna qədər qəlbində bir yara salır. O özünü Parisdə özü kimi səfillərin çox olduğu bir şəhərdə tapır və Roden`in yanında heykəltaraşlığı öyrənməyə başlayır. Henry Clews artıq Amerika`ya qayıtmaq istəmir...
Qala psevdoqotik stildə yenidən tikilir və bütün memarlıq elementləri və dekorasiyaları
Henry özü edir. İlk baxışdan rəssamın belə desək azca havalı olduğu təəssüratı yaranır...Qədim ala qapı və qəribə bir ximera ilə tamamlanan sütun. Həyətdə elə bil ki, külək dəyirmanları ilə döyüşdən əldən düşmüş qorxulu və aciz Don Kixot`un heykəli dayanır. Qəsrin “sakinləri” arasında qəribə quş və heyvanlara, qeyri adi heykəltaraşlıq portretlərinə rast gəlinir. İlk təəssürat – maraq və anlaşılmazlıq. Və yalnız qəsrin qaxilini ziyarət edəndən sonra Don Kixot`un qocalmış Henry Clews`un avtoportreti, eybəcər heykəllərin yerli siyasətçilərin portretləri, quş və heyvanların isə tanınmış süjetlərinmetaforası və Kolumba qədər epoxasının incəsənətinin mistik ruhları olduğunu anlayırsan. Qəsrdəki mebellərin hamısı Henry`nin eskizləri əsasında düzəldilib. Bütün divarları şəkillər bəzəyir – qəsr sahiblərinin tarixi kostyumlarda portretləri və itlərinin gülməli şəkilləri. Evin hər yerində gözünüzə Clews`lar tərəfindən düşünülmüş gerb dəyir – H və M hərfləri. Giriş qapısında isə “Once upon a time....” (Bir zamanlar). Henry öz sənətinin tənqidçilərini də unutmayıb, qapıların birinin yuxarısında onları milçək, böcək və hörümçək kimi göstərib. Digər qapıda isə maraqlı bir yazı var – “Marie, məni cinokratlardan, alimlərdən və demokratlardan qoru”. Yüksək yumor sahibi olan Henry Clews nəinki digərləri, hətta özü üzərində də gülməyi bacarırdı.
Marie və Henry doğulan oğullarını Don Kixot`un şərəfinə onun doğulduğu şəhərin adı ilə adlandırırlar - Manç (O illərin Fransasında ASAN xidmətin olmamasından istifadə edən insanlar yeni doğulan uşaqlara hətta şəhər adı da qoyurdular). Beləliklə qəsr həqiqətən də ailənin öz dünyasına çevrilir, burada onlar rəssam və artistləri qəbul edirlər....
İkinci dünya müharibəsi başlamazdan Henry vəfat edir Marie`yə qalan isə xatirələr olur. Fransanın məğlubiyyətindən sonra Marie`ni Gestapo axtarır – almanlar üçün o Amerika casusu idi. Marie`ni daha çox narahat edən isə qəsrin taliyi idi. Mebel və Henry`nin işlərini yerlə camahat öz evlərində gizlədir, Marie isə Nice`də gizlənməli olur. Onun taleyi ən yüksək dairələrdə həll olunur, ABŞ səfiri onun həyatını xilas edir. Qəsri alman qarnizonu ələ keçirir, Clews`ların ailə yuvası dağıdılır.
Marie qələbəni yalnız qəsrin bərpası üçün gözləyirdi. Müharibədən sonrakı həyatını o bu işə sərf etdi və bərpa etdiyi qəsri ölümündən sonra dövlətə vəsiyət etdi. Ölümünə 8 il qalmış 1951-ci ildə Marie ərinin xatirəsinə bu günə qədər fəaliyyər göstərən incəsənət fondu təsis edir. Qəsrin ikinci mərtəbəsində dünyanın hər bir tərəfindən bura gələn rəssamlar üçün pansion fəaliyyət göstərir.
Qəsrin kulminasiya yeri – həyətdə tikilmiş ayrıca qalanın icərisində balaca bir sərdabə, sağlığında Henry tərəfində özünəməxsus stildə hazırlamnış iki sarkofaq və divara yazılmış epitafiya. Vəsiyyətlərinə görə sarkofaqların ağızlarının bir balaca açıq olması onların ruhlarının azad olub görüşməsi üçündür.... Bəli, Henry və Marie öz həyatlarını hələ sağlıqlarında son gününə qədər yazmıblarmış. Yalnız ölüm tarixləri yerini boş qoyublar...
Gəzintinin sonunda isə bizə Marie`nin özü tərəfindən ingilis üslubunda layihələndirilmiş bağı gəzib qəsrin terrasında əyləşib bir çay içərək aldığımız məlumatları həzm etmək qalır...








Baxış Sayı: Free Counter


Blogger tarafından desteklenmektedir.