.

.

TARİXİ DƏYİRMAN VƏ YA DƏYİRMAN TARİXİ

03:43
Günlərin bir günü Britaniyada yaşayan Merilyn nənəmdən e`mail alırıq ki, bu günlərdə York şəhərinin yaxınlığında Holgate (Holqeyt) adlanan ərazidə yerləşən bir külək dəyirmanının bərpadan sonrakı açılışı olacaq. Bu dəyirman Yorkşirin yeganə salamat qalmış külək dəyirmanıdır. Bəh, bəh... Belə bir tədbirdən kim qaçar? Həmən an mənim azərbaycanlı ağlıma gələn ilk fikirlər.... Bilmək olmaz kimlər olacaq tədbirdə. Tereza xanım da gəlməsə, ən azından rayonun başçısı mütləq orada olar. Kimsə lenti kəsməlidir ya yox? Tədbirsevər azərbaycan xalqının orta statistik nümayəndəsi kimi tez kostyumumu tapdım, xüsusi olaraq belə günlər üçün aldığım qalstuku çıxartdım və səbirsizliklə günləri saymağa başladım...

Beləliklə, elan olunan gün Merilyn gəldi bizi evdən götürdü. Tədbir yerinə çatıb çox məyus oldum. Nəinki icra başçısı, heç kənd soveti də açılışa gəlməmişdi. Dəyirmanın bərpasını da, açılışını da kim təşkil etsə yaxşıdır? Yerli icma. Bəli, bəli. Biz görmüşdük ki, ölkədə pulu bir nəfər xərcləyər, xeyriyyə işləri ilə bir ailə məşğul olar. Daha hər yerindən duran bir tarixi əhəmiyyətli abidə bərpa etsə dərəbəylik olar ki. Bax Britaniyada tam belə bir vəziyyətdir. Xaosdur bir sözlə.

Indi keçək əsas məsələyə. Açılışına gəldiyimiz un dəyirmanın tarixi gedib çıxır düz XIX - cu əsrə. Heç bəzi ölkələrin tarixi bu qədər təşkil etmir. Elə bu ərazidəcə yaşayan insanların hesabına bərpa olunan dəyirmanda heç bir ciddi dəyişiklik edilməyib. Dəyirmanın iki yüz il əvvəlki görünüşü saxlanılıb. Yığılan vəsaitin xərclənməsi tam şəffaf şəraitdə keçirilmişdir, hamı bilir kim nə qədər pul verib və həmin pul konkret olaraq hansı işə xərclənib. Ümumi yığılan məbləği deyə bilməsəm də, onu oyrəndim ki, məsələn, ən çox maddi köməklik edən 25 min GBP veribmiş (1 GBP = 2,25 AZN). Rəqəmi ona görə yazıram ki, ümumi layihənin həcminin nə qədər böyük olduğunu təxmin edə biləsiniz.


Bərba olunan obyekt indi həm turist cəlb edir, həm də pul gətirir. Bir nəfər üçün giriş 3 GBP`dir. Bu qiymətə dəyirmanın daxilinə izahlı ekskursiya təşkil edilir, dəyirmanın yaranması, keçdiyi dövr və bərpa işləri haqda geniş məlumat verilir.


Eyni zamanda dəyirman birbaşa öz funksiyasını həyata keçirir – buğda üyüdür. Elə buradaca unun satışı da təşkil olunub. Bəri başdan deyim ki, unun qiyməti ekskursiya qiymətinə daxil deyil.

Burada diqqətimi cəlb edən bilirsiniz bir də nə oldu? Bu dəyirmanın iki yüz ildən bəri mövcud olan şəkilləri. Bir dəyirmanın nə qədər şəkli olarmış. Və bu şəkillərin hamısı qorunub saxlanılıb, hər birinin də tarixi üstündə. Babalarının doğum günlərinin pasportlarında səhv göstərilən xalqın nümayəndəsi kimi bu fakt mənə çox təsir etdi. Adi bir dəyirmanın tarixcəsi yarandığı andan bu günə qədər sənədlərdə mövcuddur. Dəyirmanın ilk yiyəsinin adı və kimliyindən tutmuş sonuncu sahibinə qədər.



Hal hazırda isə dəyirman 2001-ci ildə yaradılmış Külək dəyirmanlarının mühafizəsi cəmiyyətinə məxsusdur. Və məhs bu cəmiyyətin könüllüləri hesabına Holgate dəyirmanı XXI-ci əsrdə yeni nəfəs aldı.

Yolunuz Britaniyanın bu hissəsinə düşsə mütləq Holgate dəyirmanına vaxt ayırın. Olduqca maraqlı və qeyri adi bir təəssüratlarla buradan ayrılacaqsınız.





ŞİMAL GÖZƏLİ WHİTBY

02:10
Whitby İngiltərənin şimal şərqində - North Yorkshire (Nort Yorkşir) qraflığında yerləşir. Etiraf edim ki, Britaniyaya gələnə qədər bu şəhər haqqında heç bir məlumatım yox idi. York`dakı dostlarımızdan aldığımız informasiyanın əsasında elə səhərisi gün düzəldik yola. Məqsədimiz York`dan cəmi 60 km aralı olmasına baxmayaraq avtobus bu məsafəni iki saatdan bir qədər artıq vaxta gedir. Amma onu da deyim ki, bu yolun ləzzəti elə avtobusun ikinci mərtəbəsində əyləşib ətrafdakı balaca şəhərlərin gözəlliyindən zövq almaqdır. Hə, onu da deyim ki, bu yolu avtobusla gedməsəydim İngiltərədə bu qədər qoyunun olmasına heç vaxt inanmazdım. Təbii ki, söhbət dörd ayaqlı qoyunlardan gedir. Yalan olmasın, bəlkə də yol boyu minlərlə otlayan heyvan gördük...  Hə, fikrimizi qoyunlardan ayıraq və yönləndək səfərimizin məqsədi olan Whitby`yə. Şəhər haqqında yeganə olan statistik məlumatım əhalisinin on dörd min nəfər olması idi. Amma elə avtobusdan enən kimi, şəhər küçələrində gəzən insanların sayının bundan ən azı üç dəfə artıq olduğunu görürsən, yaşayış binalarının sayı isəWhitby`nin 200-300 minlik şəhər olması təəssüratı yaradır.


Şəhərin tarixi 656-cı ildən burada abbatlıq tikilən vaxtdan başlayır. Yavaş yavaş onun ətrafında yaşayış yerləri tikilməyə başlayır və ərazi mühüm ticarət mərkəzinə çevrilir. Whitby`nin əsas görməli abidəsi sayılan bu abbatlıq bir müddət keçəndən sonra dağıdılır, iki əsrdən sonra isə yenidən bərpa edilir.
Abbatlığın yanında şəhərin ikinci dini abidəsi sayılan Müqəddəs Mariya kilsəsi yerləşir. Kilsə və abbatlığa aparan yol 199 pilləkəndən ibarətdir.
Abbatlıqdan enib şəhərin digər sahilinə gedərkən kimin heykəlini görsək yaxşıdır? Şimal dənizi tərəfə baxan James Cook (Ceyms Kuk). Sən demə hələ coğrafiya dərsindən tanıdığımız Ceyms müəllim Whitby`də dənizçilik dərsləri alırmış. Tanınmış səyyahın şəhərdə muzeyi də fəliyyət göstərir.
Kapitan Kuk`un heykəlinə tərəf gedərkən kit sümüklərindən düzəldilmiş ala qapını görməməmk mümkün deyil. Bu abidə Whitby`yə Alaskada qubernatorluğunun hədiyyəsidir.
Bu şəhərə gələnlərin vacib və mən hətta deyərdim müstəhəb əməllərindən biri də ingillislərin sevimli yeməyi olan fish&chips`in dadına baxmaqdır. Biz də ənənədən geri qalmayıb İngiltərədə tanınmış olan The Magpie Cafe`yə getdik. Cafe dəniz kənarına gedən mərkəzi yolda yerləşir.
Onu da deyim ki, şəhər dəniz sahilində olduğundan qağayılarla insanlar doğmalaşıblar. Və hansının sayının daha çox olduğu hələ böyük bir sual altındadır. Elə bu səbəbdən də küçələrdə quşları yemləməməklə bağlı xüsusi xəbərdarlıqlarlar yerləşdirilib. Aclıq hissinin bizi üstələdiyindən elanlara fikir verməyib rahatca özümüzə yer edirdik ki, birdən qağayı hücumuna məruz qaldıq. Lakin sayıqlığı əldən verməyərək fish&chips ləzzətini tuta bilib geriyə öz evimizə döndük.

GROTTA PALAZZESE - DƏNİZ SAHİLİNDƏ MAĞARA RESTORAN

12:05

     Dəniz sahilində romantik şam işığında axşam yeməyindən gözəl nə ola bilər? Bəli, bundan gözəl yalnız və yalnız Grotta Palazzese`də şam yeməyi ola bilər. Dünyanın ən tanınmış mağara restoranı olan Grotta Palazzese Italiyanın Puglia bölgəsində balaca Polignano a Mare şəhərciyində yerləşir. Ölkənin əsas turist marşrutlarından kənarda qalan bu şəhərə gələnlər elə məhz bu restorana görə gəlirlər. Polignano a Mare Adriatik dənizinin sahilində yerləşməsinə baxmayaraq öz çimərliyi yoxdur, çünki şəhər sal və qayaların üstündə yerləşir və bu səbəbdən də dənizi yalnız yuxarıdan seyr etmək mümkündür. Bura ən yaxın hava limanı Bari şəhərində .yerləşir. Mən isə buralara Rimini’dən icarəyə götürülmüş maşınla gəldim.



Restoranın iş vaxtı hava proqnozundan birbasha asılıdır. Belə ki, ilk soyuq gündən xidmət dayandırılır. İl ərzində restoran cəmi beş ay fəaliyyət göstərir – maydan oktyabra qədər. Italiyanın cənubunda isti yay aylarında havanın 40 dərəcəyə qalxmasını görüb birdən bura şortikdə gəlmək istəsəniz, bilin ki, sizi içəri buraxmayacaqlar. Buna səbəb restoranda dress code`un tədbiq edilməsidir – yalnız ciddi geyim. Grotta Palazzese`sə olan marağın səbəbləri unikal lokasiya və interyerlə yanaşı burada təklif olunan yüksək xidmət, gözəl təamlar və əlbəttə ki, restoranın tarixidir. Hələ 400 il əvvəl yerli zadəganlar məhz burada bayram banketlərini təşkil edərmişlər.




Adriatik dənizinin mənzərəsi və günəşin batması geniş çeşidli dəniz yeməkləri və bahalı çaxırlarla yanaşı Grotta Palazzese`nin menyusuna daxildir. Ailə ilə sakit şam yeməyi üçün bundan yaxşı şərait ola bilməz. Restoranda təklif olunan bu bahalı çaxırların sırasında hətta gürcü çaxırı da var idi. Qonşularımıza sözün yaxşı mənasında paxıllığım tutdu. Restoranın xüsusiyyətləri arasında onun illuminasiyasını da qeyd edərdim. Mağaranın divarlarına yeridilmiş yüzlərlə lampa və bra zalda çox romantik bir atmosfer yaradır, sanki hansısa nağıla düşmüsən. Dənizdən 25 metr yüksəklikdə yerləşən mağaradan Adriatik dənizə gözəl mənzərə açılır.



Az qala unutmuşdum, restoran iki saat günortalar (12:30 – 14:30) və axşam saat 19:30 dan 22:30-a qədər fəaliyyət göstərir. Və əvvəlcədən rezerv etmədən restorana daxil olmaq demək olar ki, mümkün deyil. Rezerv edib gəlməsəniz isə kartınızdan adam başı 75 Avro çıxacaqlar. Bax belə qəddar qaydaları var insafsız italyanların. Vaxtı əvvəlcədən elə planlamışdım ki, axşam bu restorana gələ bilmirdin. Bu səbəbdən də günorta yeməyinə getmək qərarı verdim. Amma elə ona da biraz gecikməyimiz səbəbindən bizi restorana buraxmaq istəmirdilər. Hətta menyunu da əvvəlcədən göstərdilər ki, bəlkə qiymətlərdən qorxub fikrimizi dəyişək. Yazıqlar hardan bilərdilər ki, biz analoqu olmayan, ildə bir milyon iş yeri açılan və sakinlərinin maddi gəlirlərinin durmadan artan bir ölkənin xoşbəxt vətəndaşlarının pasportunu daşıyırıq.









Romantika görmək istəyən Veronaya gəlsin

11:50

Verona`ya ikinci dəfə səfər qərarını “Letters to Juliet” (Culyettaya məktublar) romantik komediasına baxandan sonra verdim. Dedim belke ilk təcrübəm uğurlu olmayıb bu şəhəri başa düşməmişəm, onu romantikasını hiss edə bilməmişəm. Amma ikinci həmlə də birincidən heç fərqlənmədi. Nə Piazza Bra`da Romeonun romantik pıçıltılarını eşitdim, nə də Mazzini küçəsinin köhnə divarlarından Culyettanın “beş dostumuz, üç düşmənimiz” mövzusunda ona verdiyi gizli mesajları. Bununla da romantikadan tam uzaq bir insanam olduğumu bir daha özüm üçün təstiqlədim. Bir sözlə, bu Veronadan bizim dağ şəlalələrin şırıltısı gəlmədi. Mənim üçün bu şəhər üç – dörd saatlıq şəhərlər siyahısından adlayıb keçə bilmədi. Ruslar demişkən “dlya qalocki” ya da ki, müasir azərbaycanlılar kimi check in üçün, yanı ki, mən də varam.
Amma bu üç – dörd saata da Veronada baxılası kifayət qədər tarixi və maraqlı yerlər var. Birinci yerdə, əlbəttə ki , Verona amfiteatrı (Arena di Verona) durur.
Bu arena bizim vaxtlara çatan Roma dövrünə aid olan amfiteatrlardan ən yaxşı vəziyyətdə qalanıdır. Bu abidə İtaliyanın ən tanınmış ikinci amfiteatrı sayılır. Çəhrayı mərmərdən olan bu arena bizim eranın 100-cü ilində inşa edilib və şəhərin mərkəzi meydanında Piazza Bra`nın şimal hissəsində yerləşir. Amfiteatrın ümumi tutumu 20 000 insandır. XII-ci əsr zəlzələsinə baxmayaraq çox yaxşı vəziyyətdə qalıb. Bu gün arena Veronanın keçmiş nəhəngliyinin və zənginliyinin yadigarıdır.

Əsrlərlə yaşı olan amfiteatr və onun akustikası hal hazırda mikrofonsuz canlı çıxışlar üçün ən əlverişli açıq meydan sayılır. Elə biz burda olan günün ertəsi arenada azərbaycanlı opera müğənnisi Yusif Eyvazov`un iştirakı ilə Verdi`nin Aida operası nümayiş olundu.

Piazza Bra`nın qərb tərəfini Veronanın tanınmış ailələrinə məxsus XIV-XVII-ci əsrlərə aid olan bir sıra binalar bəzəyirlər. Şəhərin ən polpulyar və gecəyə qədər açıq olan pisseriya və kafeləri də bu meydanda yerləşirlər.
Piazza Bra`dan məşhur brend mağazalarının yerləşdiyi via Mazzini ilə gedib çatırıq Veronanın ikinci populyar turist obyekti olan Culyettanın evinə (Casa di Gulietta). Bu yer ikinciliyi, əlbətdə ki, mənim sıralamamda tutub, əksər romantiklər üçün Culyettanın evi şübhəsiz ki, Veronanın görüləsi yerləri arasında birinci yerdə dayanır.
Kapuleti ailesinin ne vaxtsa bu evdə yaşadığı haqda heç bir məlumat yoxdur. Hətta yaşasa belə Culyetta adlı qızın bu evdə olub olmaması böyük şübhə doğurur. Şəhər rəhbərliyi 1905-ci ildə bu köhnə və baxımsız qalmış evi bağı ilə birlikdə alaraq onun gələcək müqəddaratını həll etmişdir. Və hətta deyirlər ki, şəhər tərəfindən alınana qədər bu ev biraz abırlı desəm yüngül xasiyyətli qadınlar üçün ictimai yer olubmuş. İndi başa düşürsünüz da Culyetta bu evdə yaşamış olsa idi hansı yolun yolçusu olardı?

Lakin, bu qızın əfsanəsi o qədər güclüdür ki, ildə bir milyona yaxın insanı bu evə gətirir. Romantika ilə alışıb yanan turistlər evin divarlarında bir dənə də olsun boş yer qoymayıblar. İstənilən dildə sevgi mesajları, qraffiti. Hacıbala müəllimin gözündən iraq. Nə aqlaylanası binadır! Hələ sevgi məktublarını demirəm. Yekə, yekə qızlar oturub elə burdaca bir namə yazıb yapışdırırlar divara ki, Culyetta xanım oxuyub bunlara bir məsləhət verəcək. Bir sözlə, gözəl mənzərədir – həm ağlamalı, həm də gülməli.
Ekskursiyanın bu hissəsində xoşuma gələn Culyettanın həyətdəki bürünc heykəli oldu, daha doğrusu bu heykəl üzərində aparılan tədqiqat. Uzun növbədən sonra mən də heykələ yamxınlaşıb sağ döşündən tutdum, amma adət ənənədən qırağa çıxaraq heç bir arzu ürəyimdə tutmadım. Sağ döşün qızılı rəngə çalması onu göstərir ki, milyonlarla insan artıq öz arzusuna çatıb. Bizə isə onların yerinə yalnız sevinmək qalır.
Biraz imkanlı qızlar hələ dörd Avro`sundan keçib Culyettanın eyvanında baxışlarını səmaya tuşlayıb bu romantik pozada şəkil də çəkdirirlər. Yaxınlaşıb qulaqlarına deyəsən ki, eyvan binaya 1928-ci ildə tikilib. Amma nə işim var? Mən siyasətə, yox e, sevgiyə qarışmıram.

Verona hakimiyyəti tərəfindən qəbul edilmiş yeni qərara görə bu eyvanda nikah da bağlamaq olar. Bundan ötrü şəhər sakinləri 600, AB vətəndaşları 800, digər vətəndaşlar isə 1000 Avro`ları ilə vidalaşmalıdırlar. Qərardan bəhrələnən romantik cütlüklər hər iki səfərlərim vaxtı gözümə dəymədi.

Bu qədər romantika sizə bəs etməsə bu şəhərdə yaşayib yaşamadığı bilinməyən Culyettanın evindən yollanın onun qəbrinə. Bəli, bəli deyilənlərə görə məhs bu yerdə Romeo və Culyetta həyatları ilə vidalaşıbmışlar.

Qəbr üstünə əlbəttə ki, gedmədim. Yolumu saldım şəhərin ən qaynar nöqtəsi olan Piazza delle Erbe`yə. Bura yerli dondurma (gelato) yeyib romantik şəhər ilə vidalaşmağın əsl yeridir.

MEZQUİTA. İspaniyanın ərəb möcüzəsi

13:36



Kordoba şəhərinə ziyarətim Əndəlus vilayətinə səyahət çərçivəsində baş tutdu. Ispaniyanın ən isti bölgəsinə turistləri dəniz istirahətilə, ən bahalı Kosta Del Sol, Marbella, Fuenxirola, Puerto Banus kurortları ile yanaşı ərəblərdən qalmış sivilizasiyanın abidələri cəlb edir. Mən də istisna olmadım. Amma, doğru deyim, möhtəşəm Al Hambra`dan sonra fikirləşirdim ki, məni artıq heç nə təəccübləndirə bilməz.  Bu fikir məni yalnız Mezquita`nın (Kordoba məscidi) giriş qapısında tərk etdi....

Mezquita gözəldir, əzəmətlidir, möhtəşəmdir desəm heçnə deməmiş olaram, onun ünvanına leksikonumuzda olan bütün gözəl sözlər bes etməz.  Buranı görüb dərk etmək, zallarında dolaşıb o dövrü təsəvvür etmək, Öməyadların yaratdıqları bir dövləti gözünün önündə canlandırmaq lazımdır.
178 metr şimaldan cənuba və 128 metr şərqdən qərbə ölçüləri olan Mezquita dünyada mövcud olan ən böyük məscidlərdən hesab olunur.  Müasir Avropanın ərazisində müsəlman memarlıq abidələrinin möcüzələrindən biri olan Kordoba məsçidi (mezquita) hal hazırda Kordoba kafedral kilsəsi adı daşıyır. Lakin yüzilliklər keçməsinə baxmayaraq Kordoba sakinləri elə indi də onu mezquita adlandırırlar. İspaniyanın on iki möcüzəsi siyahısına daxil edilən bu möhtəşəm məsçid ölkənin ən çox ziyarət olunan abidəsi sayılır.
Kordoba məscidinin inşasını I Əbd Ər-Rəhman məhşur Dəməşq məscidinin intibahı kimi düşünübmüş. Məscidin tikintisi bir neçə etapa başa çatdı. Ərəblər bu şəhərə gələndə gələcək məscidin yerində San Visente kilsəsi yerləşirdi. O vaxtkı müsəlman Andalusiyasına xas olaraq bu kilsə müsəlman və xaçpərəstlər arasında bölünmüşdü, Quran və Yevangeliya bir dam altında səslənirdilər. Uzun danışıqlardan sonra Əbd Ər-Rəhman kilsəni xaçpərəstlərdən pulla alır və 785-ci ildə onun yerləşdiyi ərazidə məscidin əsasını qoyur.  

Kordoba məscidinin özəlliyi onun çoxlu sayda sütunlardan ibarət olmasıdır. Tikinti başa çatanda 1293 sütundan ibarət olan məscidi 1445 bra və 280 çılçıraq bəzəyirdi. Tikintisinin hər mərhələsində məscid böyüdülürdü və bunun nəticəsi idi ki, məsciddə eyni zamanda 25 min insan ibadədlə məşqul olurdu. Dəməşqdəki dini abidələrə uyğun olaraq məscidi bizans mozaikası ilə bəzəmək qərarı verən xəlif Bizansdan təcrübəli ustalar dəvət edir.
Yunanlar tərəfindən quraşdırılmış akustika imamı hətta həyətdə belə eşidməyə imkan yaratmışdı. Zarafat deyil, təsəvvür edin ki, məscidin ümumi ərazisi iki hektardan artıq idi. Səsin bu qədər məsafədə yayılmasına səbəb mehrabın unikal forması imkan yaradırdı. İndi isə binanın daxilində heç mikrofonla da qışqırsan səs qapıda eşidilməz. Məscidin daxilinə qüsl alandan sonra daxil olmaq üçün istifadə olunan geniş ala qapılar çoxdan hörülüblər. Doğma suriya üçün darıxan Əbd Ər-Rəhman məscidin həyətini gətizdirdiyi palmalarla bəzədi. Palma ağacının Avropa ərazisinə gəlmə tarixi məhs bu ana təsadüf edir.


Məscidin digər islam dini abidələrindən fərqi zaldakı sütunların mehraba perpendikulyar yerləşməsidir. Bəzi alimlərin ehtimalına görə ilk tikilidə bu belə olmayıbmış. Onlar bunu sonrakı dövrlərdəki məscidin dəfələrlə genişlənməsi nəticəsində öz simmetriyasını itirməsi ilə izah edirlər. Alimlərin indiyə qədər digər baş sındırdıqları məsələ mehrabın yerləşmə istiqamətidir. Məlumdur ki, Məkkə Kordobadan 45 dərəcə cənub şərqdə yerləşir. Kordoba məscidinin mehrabı isə 28 dərəcə cənub şərqə istiqamətlənib. Sübutu olmasa da, amma üstünlük təşkil edən versiya odur ki, Əbd Ər-Rəhman mehrabı onun özünü bu yerlərə gətirən çay istiqamətində quraşdırıb.
III Ferdinandın əsgərləri - Rekonkista döyüşçüləri Kordobaya 1236-cı ildə gəlirlər. O vaxtkı hökmdar Abu Hasan şəhərin açarlarını əhalinin həyatını saxlamaq müqabilində müqavimətsiz olaraq krala təqdim edir. Ərəblər daşınan əmlaklarını yığıb yarım əsr özləri və ailələri üçün yeganə Vətən olan Kordobanı tərk etdilər. Ferdinand inanclı bir insan olmaqla yanaşı gözəlliyi sevən və qiymətləndirən adam idi. İslam məbədinin formasının təsiri altında o, çoxlarının tələbinə baxmayaraq məscidi dağıtmaq fikrindən vaz keçir. Lakin, bu tarixdən müsəlmanlara burada ibadət etməyə qadağa qoyulur. Qeyd etmək lazımdır ki,o vaxt məscidin memarlığında heç bir dəyişiklik edilmədi. Və hətta indi illərlə edilmiş dəyişikliklərdən sonra da görürsən ki, tikinti elə ən az katolik kilsəsinə oxşayır. Binanın daxilində cüzi bir hissədə tikilmiş katolik kilsə məscidin nəhəng ölçüləri ilə meqayisədə o qədər də gözə çarpmır.

Məscid ilkin vəziyyətdə hələ 300 il xristian Kordobasını bəzəyir. Lakin, XV-ci əsrin sonunda İniqo Manrike adlı yepiskop bu “biabırçılığa” – şəhərin mərkəzini bəzəyən islam abidəsinə son qoymaq qərarı verir. O, məscidi kilsəyə çevirmək təklifi ilə çıxış edir. Şəhər sakinləri abidənin müdafiəsinə qalxırlar, səbəb isə camaatın bu tikiliyə öyrəşmələri idi. Onlar mezquita`sız Kordobanı təsəvvür edə bilmədiklərini deyirdilər. Mübahisə çox uzanır, və məsələ V Karlın diqqətinə çatdırılır. Heç vaxt Kordobada olmayan Karl yeniliyə razılıq verir. 1526-cı ildə Kordobaya yolu düşən Karl öz qərarının nəticəsini görüb təəssüflə deyir:
  • Siz istənilən yerdə inşa edə biləcəyininz bir kilsə tikdiniz, və dünyada yeganə olan bir şeyi məhv etdiniz....

Kassadan bilet alarkən müsəlman olub olmadığımızı soruşan xanım müsbət cavab aldıqda bizə binanın içərisində namaz qılmağın qəti qadağan olduğunu bildirdi. O vaxt o gözəlliyi görməyə tələsdiyim üçün xanımın sözlərinə fikir verməmişdim. Sonradan ağlıma gəldi ki, qəşəng bir prosess olardı Avropa insan haqqları məhkəməsi üçün. Həm məhşurlaşardım, həm də ki, biraz pul qazanardım. Belə baxıram, gərək təkrarən yolumu oralardan salım.



Baxış Sayı: 

Blogger tarafından desteklenmektedir.